Regionlarda innovativ sahibkarlıq üzrə 23 rayon və 700-dən çox vətəndaşı əhatə edən tədbirlər keçirilib.
18-02-2025
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) tərəfdaşlığı və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə 2024-cü ilin sentyabr-oktyabr ayları ərzində Azərbaycanın bir sıra regionlarında “INNOSTART” layihəsinin silsilə icma tədbirləri keçirilib. Praktik sessiyaların iştirakçıları innovasiya ekosistemi, startap quruculuğu və ideyaların biznesə çevrilməsi üzrə ətraflı məlumat əldə ediblər.
“INNOSTART” layihəsi Gəncə, Sumqayıt, Lənkəran və Naxçıvan kimi böyük şəhərləri, eləcə də ətraf rayonları olan Göygöl, Samux, Astara, Cəlilabad, Lerik, Masallı, İsmayıllı, Qobustan, Şamaxı, Abşeron, Quba, Qusar, Xaçmaz, Babək, Culfa, Ordubad, Şərur, Şahbuz, Sədərək bölgələrini əhatə edib. Maarifləndirici tədbirlərə 700-dən çox vətəndaş qatılıb.
Layihənin davamı olaraq regionlarda, həmçinin startapların formalaşmasına şərait yaradan hakatonlar və inkubasiya proqramları həyata keçirilir. Belə ki, iştirakçılar arasından layihənin növbəti mərhələsində həyata keçirilən hakatonlarda iştirak üçün müraciətlər qəbul edilib.
Müraciətlər əsasında 2024-cü ilin oktyabr ayında Gəncə və Lənkəran, 2025-ci ilin yanvarında isə Sumqayıt və Naxçıvanda regional hakaton müsabiqələri baş tutub. Gəncədə 2 gün davam edən hakatona 16 komanda olmaqla, ümumilikdə 62, Lənkərandakı hakatona 12 komanda ilə 46, Sumqayıtda keçirilən hakatona 17 komanda olmaqla 57, Naxçıvanda baş tutan hakatona isə 11 komandadan 41 nəfər qatılıb. Hakatonlara adları qeyd edilən regionlardan əlavə ətraf ərazilərdən də innovatorlar qoşulub.
Hakaton müsabiqəsində ödəniş sistemləri, səhiyyə, təhsil, kənd təsərrüfatı kimi sahələrdə müxtəlif innovativ həllər təklif edən startaplar iştirak edib. Gəncə, Lənkəran, Sumqayıt və Naxçıvanda keçirilən hakatonların hər birində 3 qalib komanda seçilib. Qaliblərə maliyyələşmə imkanlarının artırılması və layihələrin icrasını reallaşdırmaq məqsədilə pul mükafatları təqdim edilib.
Qalib komandalar:
Gəncə
1. “Linnovo” - abunəlik modelində xidmət göstərən bu layihə Gəncə və ətraf bölgələrdə keçirilən bütün fəaliyyətləri bir araya toplayan elan platformasıdır. Mükafat: 3000 AZN.
2. “Pracfix” - fermerlər üçün təlimatlandırma tətbiqi. Mükafat: 1500 AZN.
3. “Qapıda” - aptek və ərzaq mağazalarından çatdırılma xidməti. Mükafat: 500 AZN.
Lənkəran
1. “Balbee” - arı yeşiklərinin uzaqdan idarə olunması və eyni zamanda bal miqdarı və yeşiklədəki rütubətin telefonda əks olunması. Mükafat: 3000 AZN.
2. “Greenpath” - kənd təsərrüfatı məhsullarının vahid platforma üzərindən topdan satışı. Mükafat: 1500 AZN.
3. ”Evrika” – onlayn platforma vasitəsilə həkim konsultasiyası və tibb müəssisələrində həkim qəbuluna növbə tutmaq imkanı təmin edən innovativ tətbiq. Mükafat: 500 AZN.
Naxçıvan
1. “Sepcdeaf” – eşitmə problemi olan insanlar üçün eynəyə montaj edilən və səsi yazıya çevirən qurğu. Mükafat: 3000 AZN.
2. “OnePharm” – elektron resept və apteklərdən onlayn çatdırılma platforması. Mükafat: 1500 AZN.
3. “SafeOrbit” – oyun oynayaraq proqramlaşdırma öyrədən platforma. Mükafat: 500 AZN.
Sumqayıt
1. “İzPay Offline” – yeni nəsil ödəniş sistemi. Mükafat: 3000 AZN.
2. “StartApp” – startapçıları bir araya gətirən dəstək icması və tətbiqi. Mükafat: 1500 AZN.
3. “İdeaLab” – səhiyyə sektorunda rəqəmsal tibbi köməkçi. Mükafat: 500 AZN
Hakaton müsabiqələrinin qalibləri və iştirak edən startaplar arasında perspektivli ideyalar seçilərək növbəti mərhələdə 3 ay davam edəcək və startap komandalarına innovativ sahibkarlıq, texnoloji şirkət idarəetməsi və bazarlara çıxış kimi istiqamətlərdə mentorluq dəstəyi, həmçinin maliyyələşmə imkanları təmin edən regional inkubasiya proqramlarına cəlb ediliblər.
Qeyd edək ki, “INNOSTART” layihəsinin əsas məqsədi ölkəmizin bölgələrində startap quruculuğu hərəkatını, innovativ sahibkarlıq üzrə maariflənməni gücləndirmək və regionlarda yeni startapların o cümlədən, innovativ layihələrin yaranmasını təşviq etməkdir. Bununla yanaşı, startap komandaları ideyanın biznesə çevrilməsi və inkişaf etdirilməsi, innovativ fəaliyyətin ölkə iqtisadiyyatına verdiyi faydalar haqqında aktual biliklər əldə edirlər.
