Bakıda İKT üzrə təqaüd proqramına qeydiyyat başladı
18-02-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” Təqaüd Proqramı yeni tədris ilinə start verib.
Tədris ili çərçivəsində Bakı şəhəri üzrə 2-ci qeydiyyat dalğası elan edilib. Qeydiyyat ölkənin İKT sahəsində 10-dan çox aparıcı tədris mərkəzinin təqdim etdiyi 50-yə yaxın ixtisas üzrə aparılır.
Proqram çərçivəsində 2023-cü ilin ilk rübündə Bakı üzrə 1000-dən çox şəxsə, il ərzində ümumilikdə ölkə üzrə isə 3000 nəfərə təqaüd verilməsi planlaşdırılır.
Qeydiyyatdan keçən şəxslər müsabiqədə iştirak edəcəklər. Müxtəlif mərhələlər üzrə göstəricilərindən asılı olaraq təqaüd qazanan şəxslərin təhsil haqlarının 70, 90 və 100%-i “Technest” tərəfindən təmin ediləcək.
Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumatı aşağıdakı linkə daxil olaraq əldə etmək olar: https://technest.idda.az
Son qeydiyyat tarixi 10 fevral 2023-cü ildir.
Xatırladaq ki, İRİA “Technest” Təqaüd Proqramı çərçivəsində İKT sahəsində tədris prosesinin peşəkar və səmərəli təşkilini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilərlər. Proqram çərçivəsində İKT üzrə ixtisaslaşmış 12 aparıcı təlim mərkəzi ilə 50-dək ixtisasın tədrisi həyata keçirilir.
2022-ci il üzrə “Technest” Təqaüd Proqramı çərçivəsində təqaüd qazanan şəxslərin sayı 618 nəfər, işə qəbul əmsalı 90% təşkil edib.