Milli Məlumat Mübadiləsi Sisteminin yeni versiyası təqdim olunub

alarm Created with Sketch. 05-11-2024

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim edilən "digital.bridge" - Milli Məlumat Mübadiləsi Sisteminin yenilənmiş versiyası istismara buraxılıb. Bu yeni versiya sayəsində dövlət qurumlarının məlumat mübadiləsi tam rəqəmsal və daha avtomatlaşdırılmış şəkildə həyata keçirilir.

Qurumlar tərəfindən servislərin alınması tam olaraq başdan-başa rəqəmsallaşdırılaraq sistem üzərindən aparılır. Yenilənmiş sistem ölkəmizdə rəqəmsal məlumat mübadiləsini daha sürətli, təhlükəsiz və vətəndaş yönümlü hala gətirir. Bu da vətəndaşların dövlət xidmətlərinə müraciət edərkən təqdim etməli olduqları məlumatların həcmini minimuma endirir. İndi müvafiq dövlət qurumları bir çox zəruri sənədi vətəndaşdan yox, birbaşa “digital.bridge” üzərindən əldə edə bilir ki, bu da prosesləri sürətləndirir və rəqəmsal xidmətlərin inkişafını dəstəkləyir.

Məlumat mübadiləsi sisteminin yenilənməsi, həmçinin ölkədə rəqəmsal xidmətlərin sayını artırmaq üçün zəruri infrastrukturu yaradır. “digital.bridge” sisteminin yeni versiyasında bir sıra təkmilləşdirmə işləri həyata keçirilib. Sistem üzərindən aparılan məlumat mübadiləsinin təhlükəsizliyini artırmaq məqsədilə təhlükəsizlik tədbirləri gücləndirilib, məlumat mübadiləsinin trafiki şifrələnib. Ümumi performans ötən illə müqayisədə 73% artırılıb. Servislərin qeydiyyata alınması və müraciətlər üzrə proseslər avtomatlaşdırılıb, monitorinq imkanı yaradılıb.

Eyni zamanda dövlət qurumları tərəfindən yeni müraciətlərin göndərilməsi prosesi 3-5 gündən 1 günə endirilib. Sistemdə yeni "Rəqəmsal Məlumat Hədləri" və API kataloqu yaradılıb. Əlavə olaraq fayl transfer funksionallığı da yaradılıb ki, bununla da sistem üzərindən istənilən formatda olan faylı göndərmək və yükləmək mümkündür.

Qeyd edək ki, “digital.bridge” vasitəsilə həyata keçirilən məlumat mübadilələrinin sayı artıq 1 milyardı keçib. Bu da illik olaraq təxminən 10 mindən çox ağacın kəsilməsinin qarşısını alır. Sistem, həmçinin, dövlət qurumlarına data əsaslı qərar qəbulunu dəstəkləyərək, xidmətlərin daha dəqiq və effektiv təmin olunmasına imkan yaradır.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından fəaliyyət göstərən Milli Məlumat Mübadiləsi Sisteminin (“digital.bridge”) fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2018-ci il tarixli 263 nömrəli “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərmanı ilə tənzimlənir.