İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “digital.leadership” proqramı təqdim edib
20-12-2023
19 dekabr tarixində İRİA 2023-cü ilin yekunlarına və “digital.leadership” proqramının təqdimatına həsr olunmuş görüş keçirib.
Tədbiri İRİA-nın sədri İnarə Vəliyeva giriş sözü ilə açıb. O, müxtəlif dövlət qurumlarının təmsilçilərini “digital.leadership” proqramı haqqında məlumatlandıraraq hökumətin informasiya resurslarının idarə olunması və inteqrasiyasında səmərəliliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, bu proqram rəqəmsal hökumətə sürətli keçid, sahənin inkişafı, bu istiqamətdə müvafiq dövlət orqanlarının fəaliyyətinin səmərəli koordinasiyası və beynəlxalq rəqabətliliyin gücləndirilməsini nəzərdə tutur. Daha sonra Agentliyin müşaviri Şahin Əliyev qurum tərəfindən 2023-cü ildə görülən işlərin yekunlarına dair təqdimatla çıxış edib. Tədbirdə, həmçinin İRİA-nın "Rəqəmsal Akademiya" proqramının direktoru Aleksey Qusev “Rəqəmsal Transformasiya üzrə Rəhbər” təliminin yekunu haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Tədbir çərçivəsində dövlət qurumlarından İKT sahəsində rəhbər nümayəndələr arasında “Rəqəmsallaşma 2024: İmkanlar və çağırışlar” mövzusunda komandalar şəklində vörkşop keçirilib. Vörkşopa Monteneqro Respublikasının sabiq dövlət idarəçiliyi, rəqəmsal transformasiya və media naziri xanım Tamara Srzentic moderatorluq edib. Dəyirmi masa formatında baş tutan vörkşopda fərqli dövlət qurumlarından komandalar 7-8 nümayəndə ilə iştirak edib. Vörkşopun mahiyyəti problemə və onun mümkün həlli yollarına diqqət yetirmək üçün ideyaların toplanması, strukturlaşması, prioritetləşdirilməsi, məqsədlərin, tövsiyələrin və fəaliyyət planlarının tərtib edildiyi qrup ünsiyyəti və qərar qəbuletmə üsulunun təşviq edilməsidir.
Vörkşop zamanı komanda işi, kommunikasiya, komanda üzvlərinin ideyalarından bəhrələnmə, strateji planlama, dəyişikliklərin və çağırışların idarə edilməsi, dəyərlərin inkişafı, məhsul və xidmətlərin təkmilləşdirilməsi üzrə bacarıqlar inkişaf etdirilib.