İRİA əməkdaşları hibrid PET-MRT skanerləri üçün yeni detektorun hazırlanmasında iştirak edəcəklər
13-03-2023
Tibbi diaqnostikanın müasir üsullarının inkişafı xərçəng xəstəliklərinin erkən mərhələdə diaqnozunun verilməsi bu xəstəliklərdən əziyyət çəkən insanların sağalma şansını artırır. Maqnit Rezonans Tomoqrafiya və Pozitron Emissiya Tomoqrafiyasını eyni zamanda tətbiq etməklə şişlərin yeri və ölçüləri haqqında təsviri əldə etməyə imkan verən yeni hibrid PET/MRT avadanlığı bu sahədə əldə edilən əsas inkişaflardan biridir.
“Nüvə təbabəti üçün qabaqcıl hibrid maqnit rezonans tomoqrafiya/pozitron emissiya tomoqrafiya skanerləri üçün innovativ fotodetektor modulun işlənilməsi” (INNMEDSCAN 101086178) layihəsinin uğurla həyata keçirilməsi üçün optoelektronika istiqamətində müasir biliklərin möhkəmləndirilməsi və müasir texnoloji yanaşma və metodların tətbiqi yolu ilə fizika, mühəndislik və texnologiya sahələrində əldə edilmiş təcrübə və biliklərin əlaqələndirilməsi və mübadiləsi təmin ediləcəkdir. Layihənin müvəffəqiyyətlə icra olunmasını Portuqaliya, Çex Respublikası, Türkiyə, Ukrayna və Azərbaycandan olan yüksək ixtisaslı alim və mühəndis heyətinin əməkdaşlığı ilə həyata keçiriləcəkdir. Layihənin müddəti 4 il nəzərdə tutulub və 2023-2027-ci illəri əhatə edir. Layihənin büdcəsi 1 458 200 avrodur.
Cari ilin mart ayında baş tutacaq konsorsiumun ilk iclasında iştirak etmək üçün Azərbaycan alimləri Portuqaliyanın Lissobon şəhərinə səfər ediblər. Layihədə, Azərbaycan tərəfindən 2 təşkilat - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elm Təhsil Nazlirliyinin nəzdində Radiasiya Problemləri İnstitutu iştirak edir. Layihədə nüvə fizikası, nüvə spektroskopiya və optik naviqasiya kimi sahələrdən olan Azərbaycan alimlərinə Dr. Azər Sadıqov və Dr. Fərid Əhmədov rəhbərlik edəcək. Azərbaycanlı alimlər qeyd edilən sahələrdə uğurla tətbiq edilən MAPD tipli silisium fotogücləndiricilərin işlənib hazırlanmasına dair patentlərin sahibləri və müəllifləridir.
Bu layihənin uğurla həyata keçirilməsi yüksək həssaslığa malik yeni nəsil detektorların inkişafına və nəticədə qabaqcıl diaqnostika avadanlıqlarının yaradılmasına gətirib çıxaracaqdır.