İRİA və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ortaq təlim proqramlarından 40-dan çox startapçı və startap mentoru məzun olub
13-02-2024
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KBƏA) həyata keçirdiyi startap akselerasiyası (SAP) və innovasiya istiqamətində fəaliyyət göstərən akademik heyət üçün təlim (TTT) proqramları yekunlaşıb.
6 fevral tarixində baş tutan yekun “Demo Day” tədbirində hər iki proqramın məzunları öz layihələrini təqdim ediblər.
Startaplar, həmçinin ideyalarını xarici innovasiya mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi “pitching” sessiyasında uğurla nümayiş etdiriblər. Tədbirdə İRİA-nın İnnovasiya Ekosistemi Departamentinin müdiri Yevgeniya Bikmurzina və KBƏA-nın direktoru Saeyoon Park çıxış edərək proqramın ekosistemin inkişafı və potensialın artırılmasına verdiyi töhfə və iştirakçıların gələcək karyerası üçün yaratdığı dəyəri xüsusilə vurğulayıblar. Ölkəmizdə artıq ikinci dəfə təşkil edilən proqramın xüsusiyyəti ondan ibarətdir ki, builki təlimləri koreyalı mütəxəssislərlə yanaşı, ötən ilin məzunları da keçirib. “2023-cü ildə təşkil olunan ilk “TTT” proqramında iştirak bu sahədə praktiki biliklərimin daha da artırılmasına imkan verdi. 2024-cü ildə təşkil olunan ikinci təlim proqramına yerli təlimçi olaraq dəvət almağım isə xüsusilə dəyərli oldu”, - deyə proqramın builki təlimçisi Emiliya Əhmədova öz təəssüratlarını paylaşıb.
Təlimlərdə fərqli sahələrdən olan iştirakçılar yer alıb və onların yekun layihə təqdimatları xidmət sektoru, məşğulluq, dron texnologiyası, energetika, onlayn alış-veriş kimi istiqamətlər üzrə təklif etdikləri həlləri əhatə edir. Tədbirin sonunda “SAP” proqramının məzunu olan 10 ən yaxşı startap komandası və “TTT” proqramının məzunu 3 ən yaxşı mentoru “Samsung Galaxy Tab S9” planşeti ilə mükafatlandırılıb. Ümumilikdə 20 startap komandası və 20 mentor bu təlimləri müvəffəqiyyətlə tamamlayıb. Hər iki proqramın iştirakçıları məzun sertifikatı ilə təltif ediliblər.
Qeyd edək ki, “SAP” proqramı müddətində iştirakçılar biznes ideyanın fərziyyə vasitəsilə sınaqdan keçirilməsi, potensial müştəri auditoriyası ilə müsahibə aparılması, ideyanın “MVP”, yəni Minimum İşlək Məhsul mərhələsinə yüksəldilməsi, Biznes Model Kanvasın yaradılması kimi zəruri bilik və bacarıqlara yiyələniblər. “TTT” proqramı isə elmtutumlu innovativ layihələr üzərində işləyən akademik heyət üzvləri üçün nəzərdə tutulub. Beşhəftəlik proqramda iştirakçılar innovativ sahibkarlıq üzrə təlimlərin və praktiki tapşırıqların hazırlanması, habelə startap mentorluğu işinin təşkili üzrə hərtərəfli biliklər əldə etməklə mövcud səriştələrini təkmilləşdiriblər.