Rəqəmsal Akademiyanın növbəti təlimləri Almaniyada keçirilib.

alarm Created with Sketch. 31-01-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə başladılan “Rəhbərlər üçün Rəqəmsal Akademiya” proqramının növbəti sessiyası 27 – 28 yanvar tarixlərində Berlində keçirilib.

İki gün davam edən təlimlərdə 13 dövlət qurumundan 13 rəhbər şəxs iştirak edib. Səfər zamanı iştirakçılar Almaniya və Danimarkanın hökumət sektorunda zəngin rəqəmsal transformasiya təcrübəsi ilə yaxından tanış olublar, eləcə də alman həmkarları ilə geniş fikir mübadiləsi aparıblar.

Təlimlərin birinci günündə “Hertie School”un Rəqəmsal İdarəetmə Mərkəzi və İctimai İdarəetmə üzrə magistr proqramının direktoru Gerhard Hammerşmit Almaniyanın rəqəmsallaşma təcrübəsinə dair ümumi baxışı əhatə edən təqdimatla çıxış edib. Daha sonra “Almaniya hökumətində rəqəmsallaşma: strategiyadan icraya” mövzusunda müzakirə sessiyası baş tutub.

Təlimin davamında iştirakçılar Danimarkanın rəqəmsal təcrübəsi ilə tanış olublar və Almaniyanın rəqəmsal siyasəti haqqında diskussiyada iştirak ediblər. Təlim iştirakçıları, həmçinin Almaniyanın nəqliyyat, o cümlədən dəmir yol sisteminin rəqəmsal transformasiyası ilə tanışlıq məqsədilə Almaniyanın Rəqəmsal və Nəqliyyat Federal Nazirliyini ziyarət ediblər. Bununla yanaşı, 27 yanvar tarixində Rəqəmsal Akademiya təliminin iştirakçıları Almaniyadakı Azərbaycan səfirliyinin Berlindəki Mədəniyyət Mərkəzində nümayəndə heyəti üçün təşkil etdiyi qəbulda da olublar.

Qəbulda Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev rəqəmsallaşmanın müasir dünyada önəmini qeyd edərək, bu sahədə əməkdaşlığın yeni imkanlar yaradacağına və inkişaf üçün əhəmiyyətinə diqqət çəkib. İRİA-nın sədr müavini Şahin Əliyev çıxışı zamanı rəqəmsallaşma sahəsində insan kapitalının inkişafı prioritetinin ölkə rəhbərliyi tərəfindən yeni təsdiq edilmiş Rəqəmsal İnkişaf Konsepsiyasında yer tutduğunu xüsusilə qeyd edib. Təlimin ikinci günündə “GovTech” kampusunun fəaliyyəti ilə tanışlıq məqsədilə görüşlər keçirilib və Almaniya Federal Kanslerliyinin nümayəndəsi ilə rəqəmsal siyasət üzrə müzakirə baş tutub.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayından etibarən müntəzəm keçirilən Rəqəmsal Akademiyanın yeni təlim proqramı dövlət qurumlarının rəhbər şəxsləri üçün nəzərdə tutulub. Ötən ilin dekabr ayında “Hertie School”un iştirakı ilə Dövlət Sektorunun Rəqəmsal Transformasiyası üzrə Strateji Sessiyasının ilk təlimləri keçirilib. Sessiyanın builki təlimlərinə Almaniya, Sinqapur və Səudiyyə Ərəbistanına səfərlər daxildir.