6 iyul 2020 - 04:00
Rəqəmlərdən xəbərə
Gündəlik həyatımızda qarşılaşdığımız situasiyalar, oxuduğumuz kitablar, baxdığımız video-çarxlar, bizə ünvanlanan elektron məktublar, səyahət edərkən
6 iyul 2020 - 04:00
Gündəlik həyatımızda qarşılaşdığımız situasiyalar, oxuduğumuz kitablar, baxdığımız video-çarxlar, bizə ünvanlanan elektron məktublar, səyahət edərkən rastlaşdığımız yol nişanları – bunlar hamısı `data` hesab oluna bilər. Sosioloqların hesablamalarına görə gün ərzində bu kimi təxminən 2,5 milyon terabayt həcmində `data` emal olunur. Əgər bu rəqəmi ən kiçik vahidlə - bitlərlə göstərmiş olsaydıq bu zaman əmsaldan sonra 17 sıfıra ehtiyacımız olacaqdı. Beynimizin belə informasiyaları necə qəbul etməsi və hansı məntiqlə analiz etməsindən asılı olmayaraq bilirik ki, rəqəmsal aləmdə bütün bu `data`nın məcmusu sıfırlardan və birlərdən, bu iki rəqəmin müxtəlif kombinasiyalarından ibarətdir. Beş il bundan öncə cari vaxtda olan data bu günün datasının sadəcə 10 faizidir. Texnoloji innovasiyaların böyük sürətlə yayıldığı və həyatımmızın demək olar ki, hər bir sahəsini əhatə etdiyi dövrdə sürət qədər rəqəmlər də önəmlidir. Lakin rəqəmləri riyziyyatçılardan başqa kimsə sevmir.
Yəqin ki, oxucu ilk paraqrafı oxumadı. Çünki qarışıq və mürəkkəb rəqəmlər onda maraq oyatmır. Bəs necə etməliyik ki, məlumatların rəqəmsal aləmdə sel kimi axıb gəldiyi bir zamanda oxucumuzda həvəs oyada bilək? Bir halda ki, müasir oxucu artıq `palaz` yazıları oxumur. Əgər jurnalistikanın əsas məqsədi həqiqəti çatdırmaqdırsa, deməli rəqəmlərin dili ilə danışmaq ən effektiv üsuldur. Çünki bu zaman məlumatın dəqiqliyini təmin etmək və manipulyasiyalardan yayınmaq mümkün olacaqdır. Maraqlısı odur ki, rəqəmlərdən oxucular qədər jurnalistlər də çəkinir. Bu təkcə ölkə mediasında yox, bütün dünyada baş verən tendensiyadır. Bu sahədəki qorxulara qalib gələ bilmək və rəqəmlərdən lakonik, informativ kontentlər hazırlaya bilmə bacarığına yiyələnmək üçün rəqəmsallaşma dövründə adına tez-tez rast gəldiyimiz `data` jurnalistikasını öyrənməyimiz vacibdir. Mürəkkəb və qarışıq rəqəmlərdən aydın və faydalı xəbər istehsal etmək, bəzən bu `data`lar vasitəsilə hər hansı bir xəbərin izahı üçün istifadə etmək, `data` jurnalistikasının tərifi kimi qəbul oluna bilər. Belə olan halda `data` analizi ilə məşğul olduğunu iddia edən jurnalist bir neçə bilik və bacarığa sahib olmalıdır. O, ilkin mərhələdə açıq qaynaqlardan data toplayan bir araşdırmaçı, növbəti mərhələdə verilənləri təhlil edə bilən analitik, ən sonda isə bütün bu addımların məntiqi sonluğu olan xəbər istehsalçısıdır. Burada məhsul xəbərdirsə, xammal təbii ki, `data`dır. Bundan əlavə ən önəmli məsələ `data`nın analizi mərhələsində texnoloji alətlərdən istifadə bacarıqlarına yiyələnməkdir. Yekunda nəticələrin vizuallaşdırılması isə əslində bu sahənin ən yaradıcı məqamıdır. Müasir texnoloji innovasiyalar bütün bu prosesləri sürətləndirsə də `data`nın vizuallaşdırılmasında jurnalistdən qrafik dizaynın əsaslarını bilməsi tələb olunur.
Yaxın keçmişdə `Wikileaks` və `Paradise` sızıntıları `data` jurnalistikasını gündəmə gətirdi. Bəs ölkəmizdə bu sahədə vəziyyət nə yerdədir? Hələ orta əsrlərdə klassiklərimiz rəqəmlərə məna yükü qataraq onların dili ilə hadisələri lakonik nəql etməyə çalışıblar. Onlar öz əsərlərinin qələmə alınma tarixini, yaxud dövrün hökmdarının taxta çıxma tarixini əbcəd hesabı ilə oxucularının diqqətinə çatdırmışlar. Müasir rəqəmsal dövrdə də `data` analizi ilə məşğul olan jurnalistlər infoqrafikaların dili ilə cəmiyyətə xəbər çatdırmağa çalışırlar. Azərbaycanın ilk biznes kanalı olan `ARB24` televiziyası, `İnvest.az` xəbər portalı datanın xəbər formatında emal olunmasında və vizuallaşdırılmasında yaxşı nümunə ola bilər.
Müəllif: Cəmil Rizvanov
0 Comments