Lang Azərbaycan
Ehim

Rəqəmsal Hökumət

Rəqəmsal hökumət konseptinin əsas məqsədi müasir texnologiyalar vasitəsi ilə vətəndaşların xidmət ehtiyaclarını müəyyənləşdirmək, yeni xidmətlər yaratmaq, mövcud xidmətləri təkmilləşdirmək və hədəfli məlumatlandırma strategiyasını həyata keçirməkdir. Rəqəmsal hökumət konsepsiyası ilə yaradılmış əksər layihələr həm qurumlar (dövlət və özəl), həm də vətəndaşlar üçün resurslara qənaət prinsipi ilə işləyir. Bu da həm xidmət sürətinin və keyfiyyətinin artırılması, həm də fasiləsiz xidmət göstərilməsi istiqamətlərində müsbət nəticələr doğurur.

Vətəndaş ehtiyacına cavab verən xidmətlərin rəqəmsal mühitə daşınması bu xidmətlərin daha əlçatan olmasını və sürətliliyini təmin edir. Xidmətlərin rəqəmsal mühitə daşınması dövrü “Rəqəmsal Transformasiya” adlanır. Hazırda bu istiqamətdə həm dövlət, həm də özəl sektorda fəaliyyətlər genişləndirilir. Son illərdə sosial, bank, maliyyə, nəqliyyat, aqrar və digər sahələrdə hazırlanmış layihələr “Rəqəmsal Transformasiya”ya misaldır.

Rəqəmsal hökumət konseptinin bəzi üstünlükləri:

• Vətəndaşları və onların ehtiyaclarını daha yaxşı başa düşmək və bununla da xidmət sahəsini genişləndirmək;

• Xidmət sahəsində fərdi yanaşmanı tətbiq etmək;

• Xidmətlərin daha səmərəli olmasını təmin etmək;

• Xidmət sahəsindəki çətinliklərə həll yolları tapmaq;

• Dövlət-özəl tərəfdaşlığını gücləndirmək;

• Beynəlxalq təcrübənin tətbiq sahəsini genişləndirmək;

• Müxtəlif sahədəki layihələr üzrə yeni modellər hazırlamaq və s.


Hazırki “Rəqəmsal Transformasiya” dövründə ilkin rəqəmsal xidmətlər yaradılır, fiziki və elektron mühitdəki xidmətlər rəqəmsal mühitə daşınır. Ümumilikdə rəqəmsal hökumət 4 inkişaf dövrünə ayrılır:

1. Kağız daşıyıcıların elektron mühitə keçid dövrü

2. "One-stop shop" reaktiv xidmətlər dövrü

3. Proaktiv xidmətlər dövrü

4. "Non-stop shop" və yeni texnologiyalar dövrü


1. Kağız daşıyıcıların elektron mühitə keçid dövrü. Ölkəmizdə 2003-2013-cü illəri əhatə edən bu dövr, kağız daşıyıcılarda toplanmış məlumatların elektron mühitə daşınması və elektron xidmətlər üçün elektron informasiya sistemlərinin yaradılması ilə tamamlandı.

2. "One-stop shop" və reaktiv xidmətlər dövrü Bu dövrdə elektron mühitə daşınmış məlumatlar vasitəsi ilə ilkin elektron xidmətlər yaradıldı. Elektron hökumət xidmətləri, ödəniş sistemlərinin xidmətləri, bankların elektronlaşmış xidmətləri bu dövrün əsas məhsullarıdır. 2013-cü ildə başlayan reaktiv xidmətlər dövrü 2019-ci ildə tamamlanaraq proaktiv xidmətlərə keçid dövrünü yəni “Rəqəmsal Transformasiya”nın başlanğıcı oldu.

3. Proaktiv xidmətlər dövrü 2019-2020-ci illərdə davam edən bu dövr ərzində yaradılmış rəqəmsal layihələrin təkmilləşdirilməsi və yeni xidmətlərin yaradılması həyata keçirilir. Texnologiyanın ən yeni üstünlüklərindən istifadə edilməklə vətəndaşlar üçün bir çox funksiyanın vahid portalda birləşdirilməsi bu dövrün əsas məqsədlərindəndir. Hazırda təkmilləşdirilən və yaradılan rəqəmsal layihələr bu dövrün məhsullarıdır. Dövlət xidmətləri sahəsində bu dövrün ilk layihəsi olaraq myGov layihəsini görə bilərik. Özəl xidmətlərdən isə daha çox bank sahəsində yaradılmış mobil tətbiq əsaslı layihələri görə bilirik.

4. "Non-stop shop" və yeni texnologiyalar dövrü 2018-2020-ci illərdə görülmüş ilərin özünü doğrultması əsasında bu istiqamətdə çərçivənin genişləndirilməsi və rəqəmsal transformasiyanın bütün mümkün sahələrə yayılması dövrü 2020-ci ildən başlayır və 2025-ci ilə qədər davam edir. Yeni xidmətlər və milli "IT" məhsullarının inkişafı olaraq önə çıxan bu dövrdə “Machine Learning”, “Artificial Intelligence”, “Deep Learning”in istifadəsi bir çox sahədə inkişafa dəstək verir.