6 iyul 2020 - 04:00
Elektron Ödənişlər: İmkanlar Və Çağırışlar
Yaşlı, maskalı bir kişi bankomatdan pul çıxardır, plastik kartı daxil edib-geri aldıqda barmaqları bankomatın düymələrinə toxunur. Diqqətimi onun yanı
6 iyul 2020 - 04:00
Yaşlı, maskalı bir kişi bankomatdan pul çıxardır, plastik kartı daxil edib-geri aldıqda barmaqları bankomatın düymələrinə toxunur. Diqqətimi onun yanındakı balaca uşaq (yəqin ki, nəvəsidir) cəlb edir. Üzünü maska ilə bağlayıb səbrlə öz babasını gözləyən bu balaca şıltaqlıq etmir, iri gözlərində qorxu və bir az da maraqla ətrafı müşahidə edir. Baba pulları aldıqdan sonra nəvəsinin əlindən tutub, bankomatdan uzaqlaşır və eyni anda pulları saymaq istəyir. Məhz bu an maska onun və onun yaxınlarının həyatını xilas etdi, deyə bilərik. Çünkü pulları saymaq istədikdə, adəti üzrə barmağını dilinə toxundurub nəmləndirmək istəyirdi. Lakin ağzındakı maska buna imkan vermədi.
Koronavirus pandemiyası insanların bir çox vərdişlərini tərgitməyə və nəticədə daha diqqətli olmağa səbəb oldu, iqtisadiyyatın yeni çağırışlarla üzləşməsinə, ixracın azalmasına, turizm sektorunun durğunluğuna, bir çox başqa sahələrin yeni mühütdə texnoloji həllərinin araşdırılmasına və yeridilməsinə gətirdi.
Kağız pulun üzərində virusun yaşam dövrü 24 saatdan çoxdur
Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən bir neçə dəfə qeyd olunduğu kimi, kağız pulun üzərində virusun yaşam dövrü 24 saatdan çoxdur və bu baxımdan ödənişlərin elekton şəkildə həyata keçirilməsi yoluxma riskinin azalmasında və insanların təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır.
MasterCard və Visa tərəfindən yayımlanan hesabatlara görə, elektron ödənişlərin sayında artım müşahidə olunur. Üzləşdiyimiz ölümcül virus - elektron ödənişlərin miqyasının genişlənməsinə səbəb oldu. İstər onlayn alış-veriş zamanı, kommunal və kredit ödənişləri, hətta cərimələrin və rüsumların icra olunmasında nağdsız ödənişlərin payı dəfələrlə artdı.
Elektron ödəniş diqər ödənişlər kimi – ödəyən şəxs və ödənişi qəbul edən tərəfdən ibarətdir. Lakin bu halda ödəyici evini və yaxud iş yerini tərk etmədən ödəməni həyata keçirir, vəsait onlayn şəkildə bir hesabdan digər hesaba köçürülür. Bu prosesin baş tutması üçün ilk növbədə elektron pula ehtiyac var. Lakin bunu istənilən bank kartı ilə də yerinə yetirmək olar.
Azərbaycanda elektron ödənişlər dövrünə keçid
Yeni internet-nəsil artıq onlayn pul-kisələrinin tətbiqinə də qədəm qoyub. Yararlanmaq üçün smartfona tətbiq yüklənilir və yaxud kompüter ilə web-sayta keçid almaq olur. Əlbəttə, bəzi hallarda öncədən qeydiyyatdan keçmək tələb olunur. Daha sonra isə sistemə (yəni sizin şəxsi pul-kisəsi hesabınıza) vəsait yatıraraq ondan istifadə etmək imkanı əldə etmək olur.
Cihazlar vasitəsi ilə həyata keçirilən tranzaksiyalar daha sürətli, sərfəli və rahatdır. Bu, biznesin və sahibkarlığın inkişafı üçün böyük təkan verəcək. Çünki gömrük və vergi rüsumları artıq sərhədi keçmədən onlayn şəkildə bir neçə məlumatların tez zamanda daxil olması ilə reallaşır. Bu faktor qonşu ölkələr arasında səhrəddə tıxacların azalmasına da yardım edir.
Tarixə nəzər salsaq, qədim insanlar barterdən başlayaraq, daha sonra isə pulun icad edilməsinə, çek-faktura və bank kartlarına keçid etdilər. Və indi yeni bir dövrə qədəm qoyuldu – elektron ödənişlər dövrü.
AsanPay.az saytı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradır
Azərbaycanda elekton ödənişləri həyata kecirən bir sıra tətbiqlər var. Onların arasında ilklərdən biri “ASAN xidmət” tərəfindən təqdim olunan AsanPay.az tətbiqi sayılır.
Bu tətbiq vasitəsi ilə bir sıra ödənişləri banka müraciət etmədən asanlıqla va anında etmək olar. AsanPay.az saytına daxil olduqda bizə ən populyar ödənişlər göstərilir: inzibati cərimə, rüsum, vergi və gömrük ödənişləri, kommunal, ədliyyə və məhkəmə ödənişləri, rabitə, təhsil, kredit və lizinq, sığorta və digər xidmət ödənişləri, internet və TV.
Bundan başqa, ASAN ödəniş saytı istifadəçilərinə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradır.
ASAN ödəniş sistemi və bu qurumun digər məhsulları sayılan tətbiqlərin hər biri– vahid giriş sistemi üzərində qurulub. Bu baxımdan əlavə qeydiyyatdan keçmək gərəksizdir, “ASAN İmza”ya sahib olan şəxslər qurumun istənilən mobil tətbiqindən və yaxud rəsmi saytından yararlana bilər. Vətəndaşların marağını nəzərə alaraq respublika üzrə 100-dən artıq “ASAN ödəniş” terminalı fəaliyyət göstərir.
Azərbaycanda bir sıra digər elektron ödəniş sistemləri mövcuddur
Digər bir portal Mərkəzi Bank tərəfindən yaradılıb və Hökumət Ödəniş Portalı (HÖP) adlanılır. Burada həmçinin mərkəzləşdirilmiş qaydada bir sıra ödənişi internet üzərindən həyata keçirmək olar. Bu cür portalların sayı getdikcə artmaqdadır, onların sıralarına hesab.az, million.az, e-pul.az, emanat.az, portmanat.az, və s. daxildir. Təklif edilən xidmətlərin sayı da atmaqdadır. Bu gün ödəniş etmək üçün harasa getmək tələb olunmur, bütün banklar və qurumlar tərəfindən qəbul olunan ödənişlər saytlar və mobil tətbiqlər vasitəsi ilə inteqrasiya olunub.
Bank kartları keçmişdə qalacaq?
Bəzi iqtisadçıların və maliyyə ekspetlərin fikrincə, plastik bank kartlarına gələcəkdə ehtiyac qalmayacaq. Sankt-Peterburq birjasının Ekspert Şurasının üzvü Viktor Kalmıkov CBC-yə müsahibəsində bildirib ki, 2030-cu ilədək nağdsız ödənişlərə üstünlük verən istehlakçıların sayının dünya üzrə 50 faizdən çox olacağı gözlənilir:
“Bu artıma hazırda dünyada hökm sürən COVID-19 pandemiyası da təsir göstərib. İnsanlar nağd pul vasitəsilə virusa yoluxa biləcəklərindən narahatdırlar. Statistikaya görə, dünyada bu ilin təkcə 3 ayında – mart-may aylarında ərzaq mağazaları və supermarketlərdə nağd ödənişlərin miqdarı 21 faiz, kafe və ictimai iaşə müəssisələrində isə 10 faiz azalıb. İstehlakçılar əsasən rəqəmsal pulkisəsi və nağdsız ödənişlərdən istifadə edirlər”.
Ekspertin sözlərinə görə, bununla bağlı Mercury PSI şirkəti dünya üzrə araşdırma aparıb. Tədqiqatın nəticələrinə görə, ABŞ-da əhali daha çox təmassız ödənişlərə həvəslidir. Almaniyada isə koronavirus pandemiyasına qədərki dövrlə müqayisədə karta ödənişlərdə təmassız metodla istifadənin həcmi 50 faizə çatıb. Halbuki, epidemiyadan əvvəl bu rəqəm 35 faiz idi.
Belə güman olunur ki, gələcəkdə nağd pulun yerini mobil telefonlar və ya biometriya tutacaq. Bir sıra yeniliklərin işlənməsi və pozitiv nəticələrin əldə olunması bu sahəyə daha çox diqqət cəlb edir. Nəticədə bu sahənin inkişafına mühüm təkan verərək investisiyanın cəlb olunmasına gətirib çıxarır. Artıq gələcəkdə kriptovalyuta və ya vahid elektron valyutanın yaradılması ilə bağlı cəmiyyətdə əminlik mövcuddur. Vahid valyuta ölkələr arasında ödəmələrin həyata keçirilməsində böyük rol oynayacaq. Belə ki, bu zaman bir valyutadan digərinə konvertasiya zamanı itkilər olmayacaq.
Müəllif: Fəridə Aşralova
0 Comments