Lang Azərbaycan
Ehim

6 iyul 2020 - 04:00

Yeni dövlətçilik modeli: 0 və 1

Heç bir mübaliğə olmadan, əminliklə bildirmək olar ki, yaxın bir neçə ildə dövlət idarəçiliyi və dövlət xidmətləri sahəsində ciddi dəyişikliklər gözlə

Yeni dövlətçilik modeli: 0 və 1

Heç bir mübaliğə olmadan, əminliklə bildirmək olar ki, yaxın bir neçə ildə dövlət idarəçiliyi və dövlət xidmətləri sahəsində ciddi dəyişikliklər gözlə

6 iyul 2020 - 04:00

Heç bir mübaliğə olmadan, əminliklə bildirmək olar ki, yaxın bir neçə ildə dövlət idarəçiliyi və dövlət xidmətləri sahəsində ciddi dəyişikliklər gözlənilir. Yeni dövlətçilik modelinin əsasında isə rəqəmsal texnologiyalar duracaq, yəni “0 və 1”-lər.

Bir zamanlar yazıçı fantastların əsərlərində, gələcəkdən bəhs edən filmlərdə rast gəldiyimiz “futuristik” texnologiyaların bir çoxu hazırda adi həyatımızın bir hissəsinə çevrilib. Artıq ağıllı saat, telefon, smart ayaqqabı, məişət texnikası ilə təəccübləndirmək qeyri mümkündür. Texnoloji terminlə desək “IoT” (internet of things), yəni əşyaların internetə və bir-biri ilə bağlılığı olduqca aktuallaşıb.

Sual yarana bilər ki, bunun dövlətçilik ilə nə əlaqəsi ola bilər? İstənilən idarəedici orqan üçün önəmli məsələ əlində yetərincə məlumatın olmasıdır. Kifayət qədər məlumatlısansa, deməli uğurlusan. Əbəs yerə 21-ci yüzilliyi “İnformasiya əsri” adlandırmayıblar. Bu sizi qorxutmasın, stəkanın dolu tərəfinə baxaq. Məsələn, biz bəzən şikayətlənirik ki, həm söhbətimiz bizi anlamır, yaxud hazırkı vəziyyətimizi başa düşməyə çətinlik çəkir. Əksər hallarda belə məqamlar məlumatsızlıqdan irəli gəlir. Yəni, dövlət də vətəndaşına bütün sahələrdə yararlı olmaq üçün ilk növbədə onunla bağlı məlumatlı olmalıdır. Eynən “IoT” kimi.

Ağıllı əşyalar, sosial şəbəkələr, cavablandırdığımız müxtəlif sorğular yekunda bizim kimliyimizi və xarakterimizi təyin etməyə imkan verir. Nəticədə bizə xidmət edən tərəf dəqiq istədiyimiz, gərəkli olan formada, əlavə suallarsız işimizə yararlı olur. Yəni bizi dərhal başa düşür.

Bütün rəqəmsal həllərin emalı, idarə olunmasını isə “Süni intellekt” həyata keçirir.

Dövlət idarəçiliyində süni intellekt artıq bir sıra inkişaf etmiş ölkələrdə tətbiq olunur. ABŞ, Çin, Almaniya,Böyük Britaniya, Sinqapur, Hindistan və Kanadanı buna misal gətirmək olar [1]. Süni intellekt həlləri daha çox milli təhlükəsizlik, iqtisadiyyat, tibb, təhsil, sosial xidmət sahələrində rast gəlinir. Son illərdə rəqabətə tab gətirmək üçün inkişaf etməkdə olan bir çox dövlətlər də süni intellekt, rəqəmsal texnologiyaların inkişafına böyük maliyyə yatırımları edirlər.

Azərbaycan da bu mövzuda geri qalmır. Azərbaycan süni intellektin tətbiqini əks etdirən qlobal indeksdə 64-cü yerdədir. Məlumata görə, ölkəmiz bu baxımdan qonşu Gürcüstanı (76-cı yer), Ermənistanı (81-ci yer) və İranı (72-ci yer) qabaqlayıb [2].

Yeri gəlmişkən, Azərbaycan artıq Avropa Şurasının Nazirlər Komitəsinin Süni intellekt üzrə Bürosunda təmsil olunur. Komitənin ötən ilin sonunda keçirdiyi iclasda iştirak edən Elektron Hökumətin İnkişafı mərkəzinin direktoru Fariz Cəfərovun sözlərinə görə süni zəkanın bu cür sürətlə inkişaf etməsi bəzi narahatlıqlara da səbəb olur və dünya ölkələri xüsusi tənzimləmə mexanizmlərinin yaradılması barədə düşünürlər.[3]

Ölkəmizdə ASAN Chat bot, ASAN Viza sistemində istifadə olunan sentiment analiz, “Yazıçı robot”, avtomatik şəkil və videoların rənglənməsi və s. kimi süni intellekt nümunələrini göstərmək olar.

[1] https://www.analyticsinsight.net/

[2] www.oxfordinsights.com

[3] https://www.digital.gov.az/digitalazerbaijan/az/digital-fm

Qeyd: Məqalə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzinin keçirdiyi “Rəqəmsal Jurnalistikaya Doğru” mövzusunda təlimin ikinci mərhələsi çərçivəsində hazırlanıb.

Müəllif: Zaur Baxşiyev

0 Comments