Lang Azərbaycan
Ehim

6 noyabr 2020 - 04:00

Kiber-hücumlardan necə müdafiə olunmalı?

Ermənilərin informasiya məkanında təxribat və kiber-hücumların davam edəcəyini güman etmək olar

Kiber-hücumlardan necə müdafiə olunmalı?

Ermənilərin informasiya məkanında təxribat və kiber-hücumların davam edəcəyini güman etmək olar

6 noyabr 2020 - 04:00

İşğalçı Ermənistana qarşı başlayan əks-hücum əməliyyatı uğurla başa çatdı və Ermənistan öz kapitulyasiyasını elan etdi. Amma Ermənistan bir dövlət olaraq Azərbaycana, həmçinin ermənilərin azərbaycanlılara münasibətini nəzərə alaraq müxtəlif istiqamətlərdə, o cümlədən informasiya məkanında təxribat və kiber-hücumların davam edəcəyini güman etmək olar. Ümumilikdə internet məkanında hücum üç əsas istiqamət üzrə həyata keçirilir. Birinci istiqamət dövlət qurumlarının rəsmi internet səhifələrinə edilən hücumlardır ki, bunlar da milli təhlükəsizlik orqanlarımız tərəfindən uğurla dəf edilir. Digər iki istiqamət - sosial şəbəkələr və smartfonlar isə bizim, ölkə vətəndaşlarının məsuliyyətindədir. Hərçənd ki, Vətən müharibəsi zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən internet istifadəsinə qoyulan məhdudiyyətlər bu istiqamətdə olan hücumları əhəmiyyətli dərəcədə azaldıb. Amma VPN-dən istifadənin geniş vüsət alması bu təhlükənin hələ də aktual olduğunu göstərir. Ermənistanın xüsusi xidmət orqanları WhatsApp mobil tətbiqi və sosial şəbəkələrdə yaradılan saxta hesablar və qruplar vasitəsilə əlaqə qurmağa, saxta videolar yaymağa, məlumat toplamağa cəhd edir. Bu zaman müxtəlif psixoloji təsir metodlarından, sevinc, nifrət və ya panikanın yaradılmasından istifadə edilir. Əksəriyyətimiz emosional gərginliyi və ya yüksəlişi digərləri ilə bölüşməyə meyilliyik. Düşmənin də yekun hədəfi məhz budur, müxtəlif vasitələrlə ona lazım olan məlumatı toplamaq və ya yaymaq. Bəzi sadə qaydalara riayət etməklə düşmənin bu cəhdinin qarşısını ala bilərik.

• Sosial şəbəkələrdə ölkəmizdə milli zəmində nifrət yaratmağa və yalan məlumatlar yaymağa cəhd edən qrupları həmən şikayət etmək, bağlanmasına səy göstərmək lazımdır. Düşmən tərəfindən yaradılan sosial şəbəkə qruplarının əsas əlaməti məhz ölkəmizdə nifrət və vətəndaş qarşıdurması, dövlətə inamsızlıq yaratmağa yönəlməsidir.

• Sosial şəbəkələr və smartfonlar üzərindən yayılmasına cəhd edilən müharibə haqqında bütün təxribat xarakterli məlumatlar, şəkillər və videoyazılar bloklanmalıdır. Bir istifadəçinin bu məlumatı yaymaması, onun digər istifadəçiyə çatmasının qarşısını alır. Vətən müharibəsi şəraitində ən dürüst və yeganə məlumat mənbəyi rəsmi şəxslər və dövlət qurumlarıdır, bunu daima yadda saxlamalıyıq. Qeyri-rəsmi mənbələrdən yayılan məlumatlar ən yaxşı halda təsdiq olunmamış məlumat və ya şaiyə, ən pis halda isə təxribatdır.

Bu tip məlumatlara yanaşmada etibardan daha çox şübhəyə yaxın olun.

• Bu məlumat mənə niyə görə göndərilib? • Məndən niyə görə bu məlumatları istəyirlər?

• Bu məlumatın düzgünlüyünü necə yoxlamaq olar?

• Mövcud vəziyyətdə bu məlumatı yaymaq nə dərəcədə düzgündür?

Bir sözlə özünüzə mümkün dərəcədə çox sual verin, suallarınız çoxaldıqca tərəddüdünüz də artacaq. Tərəddüd artdıqca daha çox araşdıracaq və yekunda daha düşünülmüş qərar verəcəksiniz. Amma yalnız müdafiə olunmaqla informasiya müharibəsinin əsgəri öz işini bitmiş hesab etməli deyil. Ən yaxşı müdafiə hücumdur. Bunu nəzərə alaraq, xarici mətbuat orqanlarının Azərbaycan və Qarabağ haqqında sosial şəbəkələrdə etdiyi paylaşımların altında şərhlər yazmaq olar. Bu zaman bəziləri ermənilərin yazdığı şərhlərin altında cavab yazır. Bu cavabı neytral adamın görməsi ehtimalı aşağıdır, amma düşmənin verdiyi şərh yüksək iştirak sayəsində ən yuxarı mövqelərdə qərarlaşır. Fikirləri oxuyub onlara ayrıca ümumiləşdirilmiş bir cavabı şərh olaraq yazmaq daha məqsədəuyğundur. Həmçinin, azərbaycanlıların yazdıqları şərhləri bəyənin. Əgər əcnəbi dili bilmirsinizsə xaşteqlərdən istifadə edərək şərh yazın. Məsələn: #KarabakhisAzerbaijan #StopArmenianTerror #StopArmenianAggression #StopArmenianOccupation #StopPashinyan. Müzakirələrdə faktlardan istifadə edin: BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini qeyri-şərtsiz tərk etməli olduğunu, Azərbaycanın 30 ilə yaxındır ki, Ermənistanla danışıqlar apardığını, amma Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığını, Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu, azərbaycanlılara qarşı törədilən hərbi cinayətləri, işğal olunan ərazilərimizdə milli və mədəni irsimizin məhv edilməsi, yaşayış məntəqələrimizin dağıdılması kimi mövzuları qabartmaq daha məqsədəuyğundur.

Bir sözlə, internet məkanında müharibənin çox sadə qaydaları var. Öz məkanımızı düşmənin yalanlarından qorumaq və mümkün dərəcədə onun məkanına daxil olmağa çalışmaq lazımdır. Əslində real döyüş meydanında da əsas vəzifə budur...

0 Comments