2 mart 2021 - 04:00
“Elektron hökumət” nədir?
Mövcud elektron hökumət həlləri, onların gündəlik həyatımızda rolu və faydaları Müasir dünyada gedən qloballaşma, modernləşmə və informasiyalaşma pro
2 mart 2021 - 04:00
Mövcud elektron hökumət həlləri, onların gündəlik həyatımızda rolu və faydaları
Müasir dünyada gedən qloballaşma, modernləşmə və informasiyalaşma prosesləri bir-birilə əlaqəli olub, biri digərini şərtləndirir. Son illərdə dünyada müxtəlif sahələrdə mühüm dəyişikliklər baş vermişdir ki, bu dəyişikliklər onların klassik strukturuna yenidən baxmaq və o sahədə əsaslı dəyişiklər aparmaq zərurəti yaratmışdır. Bu dəyişikliklərə ilk növbədə informasiya istehlakı və onun yayılması proseslərini aid etmək olar. Bəzi inkişaf etmiş ölkələr –Yaponiya, Kanada, Qərbi Avropa 1960-cı illərdən başlayaraq sənaye iqtisadiyyatından informasiya iqtisadiyyatında keçməyə başladılar. Bu proses öz növbəsində cəmiyyətin transformasiyası yəni, informasiya cəmiyyətinə keçid ilə sonlandı. Məhz bu cəmiyyətdə istehsalatın əsas məhsulu informasiya və bilik hesab olunur. Müasir qloballaşma dövründə informasiya cəmiyyətinə keçid bu cəmiyyətə xas olan dövlət idarəçiliyinin formalaşmasını-elektron hökumət yaradılmasını tələb edir.
“Elektron hökumət” nəyə deyilir?
Dünyanın müxtəlif ölkələrində və ilk olaraq ABŞ və Böyük Britaniyada e-hökumətə ümumilikdə dövlətin fəaliyyətinin keyfiyyətinin artırılmasına istiqamətlənmiş bir konseptual sənəd kimi baxılır. Əsas mahiyyəti isə budur ki, müxtəlif səviyyəli dövlət qurumları müasir informasiya texnologiyalarında istifadə edərək vətəndaşlara şəffaf, qərəzsiz informasiya və xidmətlər təklif edir.
Bəs elektron hökumət bizə nə verir və klassik hökumətdən fərqi nədədir?
E-Hökümət layihəsi, ən geniş mənasıyla daha yaxşı bir hökümət quruluşunun yaradılması məqsədini daşıyır. E-hökümətin təqdim edəcəyi təməl xidmətlərin istiqaməti beş qrupda toplanır.
Bu qruplar aşağıdakı kimidir:
1. Hökümətdən-hökümətə (G2G);
2. Hökümətdən-vətəndaşa (G2C);
3. Hökümətdən-sahibkara (G2B);
4. Sahibkardan-hökümətə (B2G);
5. Vətəndaşdan-hökümətə (C2G)
Bunları açmağa çalışaq.
Hökümətdən-hökümətə (G2G) – Müxtəlif dövlət orqan və strukturlarının öz aralarında olan qarşılıqlı münasibətlərdir. Bu münasibətlərdə dövlət orqan və strukturlarının arasında idarəetmə qanunlar, siyasətin inkişafı, dövlət qulluqçuları, iqtisadi inkişaf proqramları və layihələri ilə bağlı məlumat mübadiləsini nəzərdə tutulur.
Hökümətdən-vətəndaşa (G2C) – Bu, bir hökumət və fərdi şəxslər və ya vətəndaşlar arasında arasında əlaqədədir. Buraya pulsuz onlayn iş axtarışı, xarici pasport, doğum və ya nikah şəhadətnaməsi, sosial təminat, şəxsiyyət vəsiqəsi və s. kimi şəxsi sənədlərin təmin olması aiddir.
Hökümətdən-sahibkarlığa (G2B) – Bu əlaqələrə sahibkarlar, biznes və korporasiyalar tərəfindən istifadə olunan məlumatların, xidmətlərin, o cümlədən təsis sənədlərinin verilməsi, biznes lisenziyalarının alınması, gömrük bəyannamələri, biznes qanunları və qaydaları, əmək haqqı hesabatı, patentlərin, VÖEN-lərin, ticarət nişanının verilməsi, biznes və ya təşviq proqramları, kiçik sahibkarlığa dəstək, fakturaların elektron idarəedilməsi, biznes siyasəti və işçi qüvvəsi məlumatları daxildir.
Sahibkarlıqdan-hökümətə (B2G) – Vergi və müxtəlif ödəmələr, dövlətlə əməkdaşlıq, dövlət layihələrinə dəstək, tenderlərin keçirilməsində təşəbbüs, müqavilələrin imzalanması, statistik məlumatların paylaşılması və s.
Vətəndaşdan-hökümətə (C2G) – Vergi, cərimə, əhalinin siyahıya alınması, ictimai münasibətin öyrənilməsində dövlətə informasiya dəstəyi, səsvermə və digər vasitələrlə dövlətin idarəetmə və xarici siyasətini formalaşdırma, qərarqəbulu prosesinə təsir, dövləti müxtəlif xidmətlər üçün təşviq etmək və s. daxildir.
Bununla da elektron hökumətin aşağıdakı üstünlüklərin cəmləmiş oluruq.
1. Vətəndaşlara yüksək keyfiyyətli xidmətlər təqdimetmə
2. Biznes, vətəndaş və hökumət əməkdaşlığını yaxşılaşdırma
3. Qaydalara riayəti rahat tənzimləmə
4. Şəffaf hesabatlılıq nümayiş etdirmə
5. Vətəndaşların hökumətə inteqrasiyasını təminetmə
6. Səmərəlilik və performansda artım
7. Daha az resurs ilə daha çox nəticə
8. Təkrarlanan prosedurların ləğv edilməsi
9. İnformasiya təhlükəsizliyinin təmini
10. Brokratik prosedurların minumlaşdırması
Bundan əlavə E-hökümətə keçərkən atılması lazım olan əsas addımlar isə bu şəkildə sıralana bilər:
1. Hüquqi İnfrastruktur;
2. Texnoloji İnfrastruktur
3. E-hökümətin Maliyyəsi;
4. Xidmət infrastrukturunu yaratmaq;
5. Təhlükəsizlik və Məxfilik;
E-hökumət texnologiyaları dünyanın 200-ə qədər ölkəsində tətbiq edilir.
Hazırda elektron hökumətin formalaşmasında dövlət siyasətinin 2 modeli mövcuddur: Qərb və Şərq modeli.
E-hökumətin Qərb modeli. “Accenture” şirkəti 23 ölkənin müdafiə, təhsil, xidmətlər, ədliyyə və ictimai təhlükəsizlik, poçt rabitəsi, maliyyə, nəqliyyat kimi sahələri əhatə edən onlayn xidmətini öyrənmişdir. Tədqiqatçılar tranzaksiyaların imkanlarını, interaktivliyini və informativliyini qiymətləndirmişlər. İki il ardıcıl birinci yeri Kanadanın dövlət portalı tutmuşdur.
Ona görə də Qərb modeli dedikdə ABŞ və Kanadanın, Şərq modeli dedikdə isə Sinqapurun və Cənubi Koreyanın e-hökumət sferasında dövlət siyasəti başa düşülür.
Ölkəmizdə də “Elektron hökumət” və elektron xidmətlərin formalaşması və inkişafı məqsədilə keçən illər ərzində bir sıra dövlət proqramları, qanunlar və fərmanlar qəbul olunmuşdur ki, bunlar ölkədə qeyd edilən sahələrin inkişafında hüquqi baza rolunu oynamışdır.
Belə nəticəyə gələ bilərik ki, “Elektron hökumət” dövlət və cəmiyyət arasındakı münasibətlərin yeni bir formasıdır ki, bu da dövlətin virtual məkanda müəssisələrə və vətəndaşlara göstərdiyi xidmətlərin həcmi və keyfiyyətinin genişləndirilməsi, korrupsiya hallarının aradan qaldırılması, idarəetmə və əməliyyat xərclərinin azaldılması, “yeni iqtisadiyyatın” inkişafına təkan verməsi, cəmiyyətin demokratikləşdirilməsi, bu yolda qarşıya çıxan problemlərlə mübarizənin effektivliyinin artırılmasına yönəlmişdir.
Qeyd: Bu məqalə 2-ci "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb.
Müəllif: Aysel Məhərrəmova (Qafqaz Maarif Birliyi, redaktor)
Tarix: 18.12.2020
0 Comments