Lang Azərbaycan
Ehim
  • Ana səhifə /
  • Bloqlar /
  • Asan olan nədir? - “Elektron hökumət quruculuğunda istifadəçi (vətəndaş) iştirakının təmin edilməsi yolları”.

2 mart 2021 - 04:00

Asan olan nədir? - “Elektron hökumət quruculuğunda istifadəçi (vətəndaş) iştirakının təmin edilməsi yolları”.

Atalarımız deyib ki, “İşin çətini onu başlamaqdır”, yəqin ki belədir, ona görə biz də fəaliyyətimizə, yəni araşdırmamıza və təqdimatımıza başlayaq və

Asan olan nədir? - “Elektron hökumət quruculuğunda istifadəçi (vətəndaş) iştirakının təmin edilməsi yolları”.

Atalarımız deyib ki, “İşin çətini onu başlamaqdır”, yəqin ki belədir, ona görə biz də fəaliyyətimizə, yəni araşdırmamıza və təqdimatımıza başlayaq və

2 mart 2021 - 04:00

Atalarımız deyib ki, “İşin çətini onu başlamaqdır”, yəqin ki belədir, ona görə biz də fəaliyyətimizə, yəni araşdırmamıza və təqdimatımıza başlayaq və nədən başlayaq? Ondan başlayaq ki, hökümətimiz vətəndaşlara göstərdiyi xidməti daha səmərəli, daha şəffaf etmək üçün dünya təcrübəsində də sınaqdan çıxmış, cəmiyyəti, dövləti sosial və mədəni inkişafa aparan “Elektron hökümət” portalını yaratmağa qərar verdi. Bu xidmətin üstünlüyü və özəlliyi onda idi ki, vətəndaşlara göstərilən xidmətdə müasir iformasiya texnologiyalarından istifadə olunacaqdı, yəni, xidmət elektronlaşdırılıb sadələşdiriləcəkdi. Belə də oldu, vətəndaş haqqında bütün məlumatlar bir səhifəyə yerləşdi, amma bu səhifə o səhifədən deyil, elektron səhifədir. Həm də elektron xidmətlər təkcə öz vətəndaşlarımıza deyil, “Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə” də göstərilir. Elektron xidmətin vətəndaşa qazandırdığı nələr oldu? İlk olaraq, idarələrlə vətəndaş arasında “məsafə” qısaldı, qalaq-qalaq kağız sənədlər yığmağa məcbur olmursan, kimlərəsə “hörmət” etməli, ya da günlərlə idarələrə ayaq döyməli olmursan, necə deyərlər, bir klik qədər yaxın olursan.

Bəli, hökümətimiz vətəndaşa daha yaxşı xidmət göstərmək üçün bacarıqlı, fədakar insanların köməyi ilə bu layihəni həyata keçirməyə başladı, düzdür, bir az gec başladı, amma ən azından başladı. Necə deyərlər, çətini başlamaqdır. Beləliklə, 2018-ci il 14 martda prezident İlham Əliyevin 1885 nömrəli fərmanına əsasən “Elektron Hökümətin İnkişaf Mərkəzi” yaradıldı. 2018-ci il 5 sentyabrda isə E-sosial.az xidməti yaradıldı və bu barədə maraqlı məlumatımız da var ki, Alexa.com saytının(ABŞ, San-Fransisko) məlumatına görə, “Azərbaycanın top saytlar” siyahısında ( https://www.alexa.com/topsites/countries:1/AZ) E-sosial.az portalı artıq 5-ci yerdədir, yəni ölkəmizdə ən çox müraciət olunan Google.com, Youtube.com, Wikipedia.org və Google.az saytlarından sonra 5-ci yeri tutur. Soruşa biərsiniz ki, bu saytı belə məşhur edən nədir, niyə adamlar bu sayta tez-tez müraciət edirlər? Mənə görə, bu saytı məşhur edən, bir çox vətəndaşın özünü bu saytda tapa bilməsidir. Ən çox müraciət edənlər isə işəgötürənlər, işləyənlər, işləməyənlər, iş axtaranlar, təqaüdə çıxanlar və çıxmaq istəyənlər, müavinət üçün, əlilliklə bağlı, reabilitasiya və digər xidmətlərlə bağlı, bir sözlə, nə az, nə çox, 100-dən çox sosial xidmətlə bağlıdır. Bura qədər çox gözəldir, hökümətimiz vətəndaşa xidmət üçün əlindən gələni edir, lakin məsələnin ikinci tərəfi də vardır ki, e-sosial protalının bu qədər məşhur olmağı, heç də onun hamı trəfindən tanındığı anlamına gəlmir, əsas problemlər də elə bununla bağlıdır və hələ də problem olaraq qalır. Belə bir sual yaranır ki, bəs vətəndaş bu xidmətlərdən necə xəbər tutur, yaxud da tutmalıdır? Təsəvvür edin ki, vətəndaşların şəxsi məlumatları portalda var, amma vətəndaşların bundan xəbəri yoxdur. Əslində, müəssisə rəhbərləri xəbərdar olur, müqavilələr portala yüklənir, lakin vətəndaşın bundan da xəbəri olmur, odur ki, vətəndaşlar bu xidmətlərdən istifadə edə bilmir və bu vətəndaşlardan biri də elə mənəm. 2018-ci ilin sonları idi, Asan Loginin nə olduğundan xəbərsiz olduğum günlərin birində, bir məsələ ilə bağlı bir idarəyə getdim və iş yerimdən arayış lazım oldu. İş yerimə getdim, direktor da dədə-baba qaydası ilə A4 vərəqinə arayışı yazdı, möhürlədi verdi mənə. Mən də gətirib verdim tələb olunan yerə. Xidmət göstərən oğlan bir arayışa baxdı, bir mənə, sonra da gülə-gülə, iztehza ilə dedi: “ Beləsi yox, elektron arayış”. Doğrusu çox pərt oldum, çünki belə bir imkanın olmağından xəbərim yox idi, oğlanın sifət ifadəsi isə deyirdi : “Hansı əsrdə yaşayırsan???” Hara müraciət edəcəyimi soruşdum, - Banka müraciət edin,- dedi. Banka getdim, amma bu məsələnin onlara aid olmadığnı dedilər.

Sonra ağlıma bir fikir gəldi ki, əgər belə bir elektronlaşdırılmış sistem varsa, niyə bunu özləri sistemdən götürə bilmirlər? Bu sualı bank əməkdaşına da verdim. Bankın əməkdaşı isə çox nəzakətlə bildirdi ki, belə bir yetki, hələ, heç bir idarəyə verilməyib. Sonra evə gəldim, notbukumu açdım, e-sosial saytını tapdım, qeydiyyatdan keçib giriş etdim və nələr gördüm? Bir sürü sənədi balaca bir pəncərəyə yerləşdirmişdilər.


Bəli, burda hər şey var idi, aylıq maaşım, 2006-cı ildən başlayaraq illik gəlirim, ödənilən məbləğlər və çoxlu xidmətlər. Düşündüm ki, mənim kimi nə qədər vətəndaş bu məlumatlardan xəbərsizdirlər. O vaxtdan üç il keçib, bəzi vətəndaşlar yenə xəbərsizdirlər, çünki ya ehtiyac olmayıb istifadə etməyə, ya da xəbəri olanlar da başqa maneələrlə qarşılaşırlar, məsələn, qeydiyyatdan keçmək üçün öz adına telefon nömrəsinin olmaması kimi, bəlkə də sadə fakt olaraq görünə bilər, amma belədir. Lakin bu fakt, vətəndaşa, malik olduğu elektron imkanlardan istifadə etməsi üçün maneə olmamalıdır, çünki vaxtında “ASAN Login”də qeydiyyatdan keçib şəxsi kabinetə daxil olmaq lazımdır, bəzən ora yüklənən şəxsi məlumatlarda natamamlıq ola bilər ki, bu natamamlıqları vaxtında aşkara çıxarıb həll etmək lazımdır, yoxsa sonra gec ola bilər. Məsələn, bu təlimlə bağlı evdə söhbət olanda həyat yoldaşım da şəxsi kabineti olub-olmadığını bilmək istədi və “asan login” səhifəsinə, ordan da identifikasiya nömrəsi ilə şəxsi kabinetə daxil olduq və məlum oldu ki, yoldaşımın çalışdığı 2007-2013 və 2015-ci illər şəxsi kabinetində qeyd edilməyib, hansı ki, həmin illərdə müqavilə ilə çalışdığına inanırdı. Hər halda, gec də olsa bundan xəbər tutduq və bu məsələnin araşdırılıb aydınlığa qovuşmasına çalışacağıq. Düşünün ki, bu hadisə hər birimizin başına gələ bilər, odur ki, bundan əvvəlcədən xəbərdar olmaqda fayda vardır. Özü də, illərdir internetdə aktiv fəaliyyət göstərirəm və yeniliklərə də kifayət qədər maraqlı biriyəm. Bu kimi problemlərin həlli yollarını araşdırarkən təlimçimiz, EHİM Proqram Təminatı Departamentinin rəhbəri Cəmşid Naxçıvanskiyə bununla bağlı müraciət etdim və belə bir cavab aldım: “Gələcəkdə proaktiv xidmətlər genişləndikcə vətəndaş müxtəlif sistemlərdə onun barəsindəki yeniliklər haqqında bildirişlər vasitəsilə daha tez xəbər tutacaq”.

Təbii ki, cəmi üç ildir fəaliyyət göstərən bir portal xidmətlərini də tədricən genişləndirəcək, yaxşılaşdıracaq. Odur ki, vətəndaş üçün “ASAN login” nə deməkdir? sualına cavab axtarsanız, EHİM –də layihə rəhbəri Tural Həsənovun cavabı belədir: “Vətəndaşlar “myGov” portalında (www.mygov.az) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Ümumi olaraq desək, siz portalda qeydiyyatdan keçib, şəxsi kabinet yaratdıqdan sonra sizin məlumatlarınız şəxsi kabinetinizdə yalnız sizə görünür. Portalın fəaliyyəti, portalla bağlı məlumat və.s bu istiqamətdə görülən bütün işlər vətəndaşların məlumatlandırılması üçün “Elektron Hökumətin İnkişafı Mərkəzi” PHŞ sosial media hesablarında , KİV də mütəmadi olaraq işıqlandırılır”.

Bəli, bütün bunlar isə vətəndaş qeydiyyatdan keçdikdən sonra mümkündür. Vətəndaş necə xəbərdar edilməlidir? Təklifim belədir: Bunun üçün vətəndaşlara bu xidmətin xüsusiyyətləri və bunlardan xəbərsiz olarsa onların qarşılaşacağı problemləri anladan broşurlar, təlimat vərəqləri dərc edilb paylana bilər, bu isə vətəndaş iştirakını daha da canlandırar. Ya da ki, əgər bu xidmət artıq özünü doğrultmursa, daha yenisi, əlverişlisi yaradılsın.

Əslində, üç il bundan öncə elektron arayışın nə olduğunu bilmədiyim üçün mənə isteza edən xidmət personalının o cür davranışını heç də doğru hesab etmirəm, çünki vətəndaş nədənsə xəbərsiz ola bilər, lakin bunu ona aşağılayıcı tərzdə hiss etdirmək kobudluqdur və xidmətin səviyyəsinə mənfi təsir edir ki, elə də oldu və mən o idarənin xidmətindən imtina etdim. Doğrudur, hər şey çox sürətlə dəyişir, texnologiya inkişaf edir, lakin heç bir texnoloji yenilik insanı əvəz edə bilməz və ondan üstün ola bilməz, əksinə bütün yeniliklər insana xidmət etmək, onun vaxtına qənaət etməsi, səmərəli fəaliyyət göstərməsi üçündür. Unutmayaq ki, insan münasibətləri bütün texnoloji yeniliklərin üstündə dayanır. İndi texnologiya əsridir, gec-tez hamı bunlardan xəbər tutur, istifadə edir, məsələn, süni intellekt insanlara yardım edir, sağlamlıq problemləri olanlara kömək etmək, xəstəliklərin aradan qaldırılması, iqtisadiyyatın sərfəli inkişafı üçün optimal imkanları təqdim edir. Blokçeyn haqqında eşidirik, onun paylanmış informasiyalar sistemi olaraq daha təhlükəsiz və etibarlı olduğunu öyrənirik. Blokçeynin çox geniş tətbiq sahələri olduğunu təlimçimiz Qaçay Mirzəyevdən öyrəndim:Ağıllı müqavilələr, kriptovalyuta, maliyyə xidmətləri, kompüter oyunları, enerji mübadiləsində, internet domen adlarının alqı-satqısında və s. yerlərdə tətbiq olunur. Kriptovalyutanın təhlükəsiz və anonim rəqəmsal pul vahidi olduğunu öyrəndim və həqiqətən çox maraqlıdır.

Startaplar haqqında təlimçi Məmməd Kərimin maraqlı fikirlərini dinlədim. Doğrusu, bu mövzu haqqında məndə daha aydın təsəvvür və yeni fikirlər yarandı, eyni zamanda insana öz yaradıcılıq imkanları və bacarıqları haqqında düşünmək fürsəti verir. Sən, özünə inan, güvən, ideyalarını yarat və kiçik də olsa öz biznesini qurmağa çalış! Təlim zamanı Məmməd bəyə bunula bağlı sual da verdim ki, kimlərsə məşğuliyyət, ya da qazanc üçün düşünüb ideyalar tapır və onu həyata keçirir, biz də onları bəzən təkrar etməyə, o ideyaları tətbiq etməyə çalışırıq. Olmaz ki, biz öz ideyalarımıza imkanlar yaradaq, çünki başqalarının ideyalarını həyata keçirərkən yaranan imkansızlıqlar və ümidsizliklər bizi ruhdan sala bilir? Məmməd bəy sualıma çox pozitiv yanaşdı, yeni ideyaları tətbiq etməkdə də fayda olduğunu, həm də bu ideyaları sınaqdan keçirməyin də bizə yeni şeylər öyrədə biləcəyini söylədi. Təbii ki, bu fikirlə razılaşmamaq olmur, həm də öz fikrimdə də qalıram ki, hələ kiçik yaşlardan uşaqlara düşünməyi öyrətmək və onları öz beyinlərinin məhsulunu yarada biləcəyinə inandırmaq çox vacibdir. Eyni zamanda, belə yaradıcı ideyaları həyata keçirmək imkanları haqqında da düşünmək yaxşı olar.

“ASAN finans”, “ASAN ödəniş”, “ASAN viza”, “ASAN agro” haqqında da təlimçilərin maraqlı təqdimatlarını izlədim, yetərli məlumatlar aldım və bunun üçün bütün təlimçilərə öz minnətdarlığımı bildirirəm.

Əslində, “Elektron hökümət” ideyası daha əvvəl yarandığı üçün( ideya və proqramın təsdiqi 2010-2012 illər) mən bu mövzunu əvvələ saldım, yəqin ki, məqaləni oxuyanlar bunu mənə nöqsan tutmazlar. ASAN xidmətlə bağlı düşüncələrimi də sanki bu mövzunun davamı olaraq görürəm. Xidmətin elektronlaşdırlması onu təkcə asanlaşdırmır, həm də onun keyfiyyətini artırır, iformasiya mübadiləsini, inteqrasiyanı da təmin edir. Sosial xidmətlərdə rüşvətxorluğun və korrupsiyanın, vaxt itkisinin, kağız israfının qarşısının alınması məqsədilə “ASAN xidmət” yaradıldı. 29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk “ASAN xidmət” in açılışı oldu və 15 yanvardan isə fəaliyyətə başladı. Doğrudan da bu xidmətin sorağı çox tezliklə ölkəmizə yayıldı və hamı çalışırdı ki, bu xidmətlərdən istifadə etsin, çünki çox rahat və həqiqətən asan idi. ASAN xidmətin göstərdiyi yüzlərlə xidməti sadalamaq və onları tərifləmək fikrində deyiləm, çünki buna ehtiyac da yoxdur. Sadəcə olaraq bir təəssüratımı sizlərlə bölüşmək istəyirəm. Bir neçə gün öncə, yolum “ASAN xidmət”-in şəhərimizdəki idarə binasına düşmüşdü, asan imza üçün müraciət etdim, lakin hələlik bu xidməti özləri icra edə biləcəklərini və nə lazımdırsa köməklik göstərə biləcəklərini bildirdilər. Sonra düşündüm ki, bura gəlmişkən, məni maraqlandıran bir neçə suala cavab da ala bilərəm. Bunun üçün məsul birini görmək istədiyimi bildirdim, çox sağ olsunlar ki, məni yönləndirdilər və Elşən bəylə görüşdüm. Çox mədəni və nəzakətli gənc bir idarəçi ilə qarşılaşdım. Doğrusu, əvvəlcə jurnalist olaraq müraciətimə cavab vermək istəmədi, bunun üçün icazə almalı olduğunu bildirdi və görünür haqlı idi, bəzən kimlərsə jurnalist adı ilə idarə və təşkilatlara gedirlər və heç də həmişə xoş niyyətlə getmirlər. Bunun dəfələrlə şahidi olduğum üçün onu başa düşürdüm, lakin, sadəcə, söhbət etmək istədiyimi və bir neçə suala aydınlıq gətirməsini xahiş edəndən sonra razılıq verdi. Söhbətimiz də səmimi və maraqlı keçdi, məni maraqlandıran əsas sualım isə belə idi: “ASAN xidmət” nəyi asanlaşdırdı? Çünki mənə elə gəlirdi ki, bir çox dövlət idarələr işini yaxşı yerinə yetirmədiyi və vətəndaşa lazım olan xidməti göstərmədiyi üçün, onların işini “ASAN xidmət” yerinə yetirir. Elşən bəyin cavabı isə çox aydınlaşdırıcı oldu və o dedi: “Əslində, yenə hər bir dövlət qurumu öz işini yerinə yetirir, lakin biz vətəndaşa lazım olanları bir araya gətirib əlaqələndiririk, bununla da iş daha tez, asan və şəffaf həll olunur”. Elşən bəy həm də vurğuladı ki, “Bütün xidmətlər vətəndaş məmnuniyyəti üzərində qurulur və 99,7% buna nail ola bilmişik, əgər xidmətdə hər hansı narazılıq yaranarsa, biz onu dərhal aradan qaldırmağa çalışırıq. Bizim prinsiplərimiz operativlik, şəffaflıq, nəzakətlilik, nizam-intizamdır. Gördüyünüz kimi burda otaqlar da hamısı şəffafdır və bu da xidmətdə şəffaflığın təmin olunması üçündür”. Doğrudan da, əgər, vətəndaşa göstərilən xidmət onu məmnun etmək üçündürsə, o zaman vətəndaşlarla əməkdaşlıq və vətəndaş işitirakı da çox önəmlidir. Bu məqaləni isə, jurnalist araşdırmasından daha çox, vətəndaş araşdırması, vətəndaş münasibəti olaraq təqdim edirəm.


Bu şəkli çox bəyəndim, “Elektron hökümət” quruculuğunda vətəndaş işitirakını çox gözəl və mənalı izah edir. (Plakatda, sadəcə, sözlərin mənasını dəyişib azərbaycanca yazdım)

Qeyd: Bu məqalə 2-ci "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb. 

Müəllif: Mehparə Quliyeva "Mingəçevir İşıqları" qəzeti

Tarix: 20.12.2020

0 Comments