2 mart 2021 - 04:00
Elektron hökuməti “cibindəki telefonda gəzdirən” kənd
Lerikin Rəzgov kəndi yerləşdiyi coğrafi mövqeyinə görə çoxlarının getmək istəmədiyi bir yerdir. Dəniz səviyyəsindən min beş yüz metr hündürlükdə yerlə
2 mart 2021 - 04:00
Lerikin Rəzgov kəndi yerləşdiyi coğrafi mövqeyinə görə çoxlarının getmək istəmədiyi bir yerdir. Dəniz səviyyəsindən min beş yüz metr hündürlükdə yerləşmiş bu dağ kəndinin qışı uzun, yaz və yayı isə çox qısadır. Avqustun ortalarından başlayaraq havalar tədricən soyuyur, sakinlər qalın geyimlərə keçməli olurlar, sentyabrın sonundan isə dağ döşləri ağ örpəyə bürünür. Ölkə üzrə ən son taxıl biçini bu kənddə aparılır, avqustun ortalarına taxıl güc-bəla ilə yetişir. May ayından avqusta qədər mal-qaranın yem ehtiyatı toplanır, un kisələri anbarlara vurulur, kartof, mer-meyvə kimi məhsullar dərin daş quyularda saxlanır. Cəmi 315 nəfərin yaşadığı bu kiçik kənd müasir şəhərləşmə, həyat şərtlərinin rahatlaşması baxımından insana çox çətin bir yer kimi görünür. İlk baxışda düşünürsən ki, texnoloji kommunikasiyadan uzaq olan bu kənddə həyat çox cansıxıcıdır. Hər xırda bir işə-maaş almaq, müxtəlif ödənişləri etmək, vacib sənədləri idarələrə vermək üçün tez-tez rayon mərkəzinə getmək lazımdır. Lerikin mərkəzi ilə kəndin ara məsafəsi 45 kilometrdir, bu qədər yolu dağların arası ilə gedib – gəlmək nə qədər vaxt, vəsait itkisidir? Əziyyəti də öz yerində..
Amma bu kəndin real həyatını bilməyənlər üçün belə görünür. Rəzgov köhnə kənd olsada müasirliklə ayaqlaşmaq üçün ciddi mübarizə aparır, onun sakinləri başa düşürlər ki, sərt həyat şərtlərinə qalib gəlmək üçün yeni texnologiyalara keçid çox vacibdir. Bu barədə bir azdan qonağı olacağım kənd sakini özü sizə danışacaq...
Rəzgovun qısa günüzləri, uzun payız gecələri, bitməyən qış ayları..kənddə yaşayan ailələrin qış gecələrində ayrıca məşğuliyyəti var. Vaxtın darıxdırıcılığını hiss etməmək üçün ailələrdə çay mərasimləri təşkil olunur, qonşular bir yerə yığılaraq söhbət məclisləri qurur, biş-düş edir, qadınlar pal-paltar tikir, uşaqlar üçün kitab oxuyur, internetdən istifadə edərək onlayn dərslər keçirlər. Və ən maraqlısı, bütün bu məşğuliyyətlərin içərisində innovativ texnologiyalardan istifadə mühüm yer tutur. Özləri deyirlər ki, son illər texnologiyaların inkişafı Rəzgovun həyatını xeyli dəyişib, əgər indiyə qədər uzun qış gücələrində ən maraqlı məşğuliyyət ancaq televizora baxmaq olubsa, indi internet resurslarında film seyir etmək, youtube, facebook kimi platformalarda xəbərlər əldə eləmək ən maraqlı məşğuliyyətə çevrilib. Hər axşam valideynlər Bakıda, hətta uzaq xarici şəhərlərdə yaşayan övladlarına, yaxınlarına whatsApp, Skype kimi proqramlarla görüntülü zəng vuraraq döyünca söhbət edir, zarafatlaşır, gələcək həyatın planlarını qururlar. Özləri demişkən, “internet kəsiləndə kəndin həyatı dağlardan gələn səsizliyə bürünür”.
Bu günlərdə kənddə qonağı olduğum Əlövsət kişi dedi ki, Hollandiyada dünyaya gəlmiş nəvələrini görmək üçün çox darıxır. “Amma yaxşı ki, bu var (mobil telefonunu göstərir). Hər gün balalarımı, uzaqdakı əzizlərimi görüntülü yığıb danışıram. Allaha şükür, indi elə şeylər çıxıb ki...dünya bu balaca cihazın içindədir”-deyib gülümsəyir.
Çay süfrəsində dedi ki, kənd həyatında çətinliklər olsada son illər texnologiyalardan istifadə insanlara çoxunu unutdurub. “Məsələn, nə?!”-sualıma cavabı:” Hər həftə rayon mərkəzinə gedib-gəlmək mənə çox əziyyət verirdi. Bakıda yaşayan qızım bu əziyyətdən qurtarmaq üçün telefondan düzgün istifadə etməyi, hökumət tərəfindən istifadəyə verilmiş xidmətlərdən istifadə etməyi öyrətdi. Telefonuma dövlət xidmətlərini yüklədi, bu dəqiqə bütün hökumət bax telefonum içindədir (əlindəki smartfon telefonu ovcunun içində silkələyib gülümsəyir). Bu çıxandan ( telefonun ekranından görünən ASAN ÖDƏNİŞ sisteminin göstərir) xeyli rahatlamışam.
Su, qaz, işıq pulu hamısını buradan ödəyirəm, day nağd pul aradan çıxıb. O qədər rahatdır ki, ona görə pensiya kartımda həmişə pul saxlayıram. Bütün ödənişləri buradan anındaca həll edirəm”.
Yeganə dolanışığının torpaqdan, kənd təsərrüfatından çıxdığını deyən kənd sakini “e-agro” sistemindən danışır:” Əvvəllər dövlət tərəfindən verilən subsidiyanı almaq üçün bir qucaq kağız-kuğuz yığırdıq, kimlərinsə “bığının altından” keçməli olurduq. Özüdə bu proses hər il təkrarlanırdı, bəzən az əkdiyimi çox, çox əkdiyimi az yazırdılar. İndi bu da aradan qalxıb, EKTİS-də qeydiyyatdan keçmişəm, bu ildən əkdiyimi ora özüm daxil edirəm, subsidiyanı da oradan alıram, toxum, gübrə və başqa lazım olanları da. Canım rahatlayıb, yoxsa abrımız getmişdi...Day mənim elektron hökumətim bax bu telefonun içindədir, mənə heç kim bata bilməz!”-deyib bığ altından güldü.
Əlövsət kişi məni yola salanda elektron hökumətin yeni vəzifələrini də sadalamağı unutmadı:” Texnologiyalar həyatımızı xeyli asanlaşdırsa da bir sıra problemlərimiz qalır. Məsələn, məhsullarımızı satmağa çətinlik çəkirik. Dağ adamıyıq, ilboyu qapıdan heyvan, mer-meyvə satıb dolanırıq. Təsəvvür elə ki, bunun üçün yük maşını kirayələyirik, mal-heyvanı, qoyun-quzunu yükləyib 45 kilometr rayon mərkəzinə aparıb satırıq. Bəzən sata bilməyəndə geri qaytarmamaq üçün dəyər-dəyməzinə veririk ki, bu da əziyyətimizi heç edir. Yaxşı olar ki, xarici ölkələrdə olduğu kimi “virtual əmtəə birjası”, “elektron bazar” və ya məsafədən “tədarük sistemi” istifadəyə verilsin. Bizdə istədiyimiz vaxt məhsullarımızı, mal-heyvanımızı o sistemə daxil edərək kiməsə sataq, gəlib aparsınlar. Biz əziyyət, artıq xərc çəkmədən tarlabaşında, məhsul axtaran isə isti kabinetində oturub qazansın. Bax, bu olar əla!”
Əslində, kənd sakini son fikirləri ilə regionların inkişafını, aqrar sektorun dinamik böyüməsini təmin edəcək yeni tezisləri irəli sürdü. Onu inandırdım ki, çox keçməz ASAN sənin kimi yüzlərlə zəhmətkeş insanın bu ehtiyaclarını da asanlaşdırar.
Avtomobil yerindən tərpənib sürət götürəndə pencəyini çiyninə salıb mobil telefonunu əldə bərk-bərk sıxmış Əlövsət kişi gülümsəyirdi. Deyəsən, onu inandıra bilmişdim...
Qeyd: Bu məqalə 2-ci "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb və 1-ci yerə layiq görülüb.
Müəllif: Nicat Nəsirli (Aqrobiznes TV, redaktor aparıcı)
Tarix: 17.12.20
0 Comments