Azərbaycan iqtisadiyyatının, büdcə gəlirlərinin və ÜDM-in böyük hissəsi neft-qaz sektorunun payına düşür. Qlobal yanaşma bundan ibarətdir ki, neft-qaz gəlirləri olan ölkədə digərləri ilə müqayisədə daha çox “rahalıq” var. Burada rahatlıq anlamı özünü dövlət büdcəsinə daxilolmalarda 100 faizlik müsbət saldonun olacağı, kadr potensialının yetərli hesab edilməsi, yeni layihələrin və sürətli elektronlaşmanın getməməsi ilə büruzə verir. Buna görə praktikada OPEK və OPEK+ ölkələrində texnoloji inkişaf misal üçün əhalini və iqtisadiyyatın həcmini nəzər alaraq Cənubi Koreya ilə müqayisə olunmaz hesab edilir. Məsələnin ikinci tərəfi ictimaiyyətin təhsili, maliyyə savadlılığı, texnologiyalarla işləmə bacarığı və yenilik ideologiyası ilə sıx əlaqəlidir. Sadalanan meyarlarla texnoloji proqressə çıxış yolu prosesi reallaşdırmaqdan fərqli olaraq nisbətən rahat və aydındır. Nəzərə alsaq ki, artıq dünyada əşyaların interneti, süni zəka, gəlir qazanmaq üçün maliyyə sektorunun tam elektronlaşdırılmış sahəsi sayılan qiymətli kağızlar bazarı var, trendlərlə ayaqlaşmaq artıq məcburiyyətə çevrilir. Yəni hər hansı sistemdə əməliyyat apara bilməyərək, onu pul müqabilində başqasına etibar etmək çıxış yolu deyil və bu yanaşma texnoloji tərəqqiyə aparmır. Amma bu təcrübə vahid bazaya malik xidmət təklif edən şirkətləri timsalında keçərlidir. Maliyyə seqmentinə gəlincə, Azərbaycanda müxtəlif banklarda süni zəka modellərinin tətbiqinə dair açıqlamar var. Amma ortada dayanan sual budur ki, şahmat oynaya bilən, bir neçə gedişi əvvəlcədən hesablayan sistem süni zəka sayıla bilərmi? Yoxsa süni intellekt ictimaiyyətin məlumatlarını generasiya edərək bankın sorğusunu gözləmədən müştərinin kreditvermə qabiliyyətini yoxlaya, sığorta xidmətindən yararlanmaq istəyən şəxsin sığorta etdirəcəyi obyekti, subyekti araşdıra və emal olunan məlumatı təqdim edən sistemdir? Niyə görə banklarda girişdə üzün identifikasiya sistemi qurulmayıb və daxil olan vətəndaşın kim olduğunu, nə qədər kredit və ya depozit məbləğinə sahib olmasını araşdırmaq imkanı yoxdur? Daha dərinə getsək, smartfonun identifikasiya sistemi ilə məsafədən kredit almaq niyə görə mümkün deyil? Səbəb texnoloji inkişafın səviyyəsidir. Məhz bu faktor mobil bankçılıq da daxil olmaqla dünya ictimaiyyəti üçün yeni trendlər yaradır. Gəlin növbəti, mobil bankçılıqda hansı trendlər var? Sualının cavabını axtaraq.
MDB ölkələri arasında maliyyə sektorunda rəqəmsal həllərə dair bəzi tələblər var. Bəzi şirkətlər bu tələbləri yerinə yetirir, digərləri isə prosesə dırnaqarası yanaşır. Standart olaraq vətəndaşa onlayn və operativ şəkildə hesabına baxmaq, pul köçürmək kimi əməliyyatlar təqdim edilir. Amma bu xidmətlər köhnəlmiş sayılır. Mobil bankinq modelinin hər iki tərəfinə nəzər yetirərək onu demək olar ki, maliyyə təşkilatları üçün vətəndaşlara yeni xidmətlər təqdim etməklə paralel öz işçilərinə də bu xidmətdən yararlanaraq daha çox əməliyyatı yerinə yetirməyə dəstək vermək lazımdır. Buna görə də gələcəkdə mobil bankçılıq sadə konfiqurasiyalı proqram yox, qəliz əməliyyatların reallaşdırıldığı sistematik həll olacaq.
Onlayn bankçılıqda yaranan trendlər sırasında birincisi - proqramda qeydiyyat bölməsində hüquqi şəxslərin qeydiyyatı, valyuta məzənnəsi, demo versiya, bankla əlaqə kimi xidmətlərin əlavə edilməsi.
İkinci trend - şirkətin onlayn qeydiyyatı ilə hesabın açılması imkanının yaradılması. Yəni banka getmədən hüquqi şəxs yeni hesab yarada bilər. Mərkəzi bankların (requlyatorların) məhdudiyyətlərinə baxmayaraq bu texnologiyanın tətbiqi Azərbaycanda da bankçılıq sferasında əlçatanlığı artıracaq.
Üçüncü trend - Parol və digər məlumatlar olmadan şəxsi kabinetə giriş. Konfidensiallıq cəhətdən çətin sayılan bu transformasiyaya ehtiyac var.
Dördüncü trend – Onlayn mühasibatçılıq mobil tətbiqdə vergini və digər məlumatları tapmağa və vergilərin buradan özənilməsinə imkan yaradacaq.
Beşinci trend – Hesabın ötürülməsi sistemi qarşı tərəfin kart əməliyyatlarını aparmağa kömək edəcək.
Altıncı trend – Kontragentin (müqavilə imzalayan tərəfin) maliyyə vəziyyətinin yoxlanması xidməti. Vəsaitin göndərilməsi planlaşdırılan şirkətin və ya şəxsin maliyyə imkanları planlaşdıran tərəfə müəyyən dərəcədə konfidensiallığın qorunması şərti ilə yönləndirilir. Daha bir məqam - bütün kredit əməliyyatlarını, bir müddətdən sonra ehtimal olunan balans qalığını nəzərə alaraq, pulköçürmələrdə məsləhət sistemi və bankın özünün reklam və məsləhət xarakterli məlumatlarını vətəndaşa yollaması vətəndaşın seçim imkanını v bankın gəlir qazanma imkanlarını artıraraq ortaq məqsədə qulluq edir.
Yeddinci trend – QR-kod vasitəsilə ödəniş. Bunun sayəsində kart nömrəsini yazmağa və ya xidməti uzun uzadı siyahıdan seçməyə ehtiyac qalmır. Texnologiyanın effektiv işləməsi üçün isə əsas amil hesab edilən ölkədaxili texnoloji inteqrasiya yüksək səviyyədə olmalıdır.
Səkkizinci trend – Bir neçə saniyəyə elektron kredit və ya debet kartının hazırlanması. Prosesin sürətləndirilməsi məsələsində vətəndaşın datalarının əvvəlcədən yığılması şərtdir. Bunun üçün isə dövlət strukturlarından biri hesab edilən “ASAN” platforması ilə inteqrasiya vacibdir.
Doqquzuncu trend – Ekvayrinq. Bu prosedur sayəsində bank kartının və ya mobil tətbiq vasitəsilə aparılan əməliyyatların kontragentlərinin sayı artırılır. Yəni əməkdaşlıq edilən şirkətlərin, müəssisələrin sayı artırılır, ortaq məlumat bazası qurulur.
Onuncu trend – Gəlir və xərclərin analitikası. Biznes analitika həm fiziki, həm də hüquqi şəxslərin bir proqram üzərindən xərclərini və gəlirlərini araşdırmağa, xərclər zamanı alternativləri görməyə imkan yaradır. Bunun üçün isə daha çox və yenilənən məlumat bazalı süni zəkaya ehtiyac var.
Bu trendlərdən biri də perspektivdə kriptovalyutaların və digər elektron pul vahidlərinin bank və şirkətlər arasında mübadiləsinə start verməkdir. Bunun üçün isə ortaya qanunvericilik, müasir texnologiyalarıa ayaqlaşmaq məsələsi gəlir. Və indi, başlayarkən yaranan sualın cavabını axtarmağın zamanıdır. Azərbaycanda rəqəmsal hökumətin inkişafı, maliyyə sektorunda tətbiq edilən həllər, qanunvericiliyin yeni texnoloji trendlərə uyğunlaşdırılması prosesi nə yerdədir?
3-cü hissə. Dövlət-maliyyə-texnologiya üçbucağı.
Dövlət
2018-ci ildə imzalanan “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” fərmana əsasən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində dövlət xətti ilə inteqrasiya edilən kütləvi texnoloji layihələrdə müstəsna rola malik Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılıb. Paralel olaraq xidmət nəzdində innovasiyalar mərkəzi də fəaliyyət göstərir. Məqsəd dövlət və özəl sektorda texniki dəstəyin verilməsi, informasiya sistemlərinin yaradılması və modernizasiyasıdır. İnnovasiyalar mərkəzi çərçivəsində vəaliyyət göstərən seqmentlərə gəlincə bunlar:
(QRAFİKA 10)
1. Çağrı Mərkəzi
2. ASAN Kommunal
3. Səyyar ASAN
4. INNOLAND
5. ASAN Radio
6. ASAN Təlim
7. AZINTEX-dir.
Elektron Hökumətin İnkişafı Mərkəzinin nəzdində isə:
1. myGov Portalı
2. eGov Portalı
3. ASAN Viza
4. ASAN Ödəniş
5. eAgro
6. eLisenziya
7. eSatınalma
8. ASAN Login
9. ASAN Finans layihələri effektiv fəaliyyətdədir.
ƏSAS TEZİSLƏR
Elektron Hökumətin İnkişafı Mərkəzinin təklif etdiyi həllər sayəsində maliyyə sektorunda rəqəmsallaşma prosesini bir neçə dəfə sürətləndirmək olar. Amma Dövlət-maliyyə-texnologiya birliyinin sürətli inteqrasiyasının qarşısında qanunvericilikdən qaynaqlanan sərhədlər də var. Misal üçün müştərinin fiziki identifikasiyası olmadan bəzi maliyyə xidmətlərinin məsafədən həyata keçirilməsi qanunla qadağandır. Buradan daha bir xətt texnologiyaya, daha doğrusu kibertəhlükəsizliyə istiqamətlənir. Realist düşüncə ilə yanaşsaq, hazırki vəziyyətdə maliyyə, xüsusən bank sektorunda təməl dəyişikliklər etmək çox çətindir. Bu çətinliyin aradan qaldırılması üçün bütün real və potensial müştərilərin identifikasiyasına ehtiyac var. Başqa dillə desək bizə elə bir məlumat bazası lazımdır ki, burada Azərbaycanın bütün vətəndaşları qeydə alınsın və elə texnoloji həllərə ehtiyac var ki, kənardan müdaxilə ehtimalı sıfıra endirilsin. Bundan sonra onlayn bank məhvumu, elektron platformaların sürətli inkişafı özünü daha qabarıq şəkildə göstərəcək. Maliyyə sektorunda rəqəmsal həllərin inkişafına dair əsas tezislərə nəzər saldıqda belə bir mənzərəni görə bilərik.
1. Maliyyə sektorunun tərkibinə daxil bankçılıqda ehtiyac duyulan əsas meyyarlar ictimaiyyətin maliyyə savaldılığı, baknkların sağlam rəqabəti və “gələcək texnologiyalarla gələcək” ideyasının tam başa düşülməsidir.
2. Sığorta sahəsində ictimaiyyətə yeni xidmətlərin təklif edilməsi ilə paralel bu sahənin populyarlaşması üçün KİV-in müasir mexanizmlərindən istifadə edilməlidir.
3. Texnoloji inkişaf sayəsində vətəndaşlara xidmətin sürətləndirilməsi və keyfiyyətin artırılması üçün üçün ən vacib olan məsələlər, dövlət qurumlarının və özəl təşkilatların yeni nəsil şəbəkə texnologiyalarının imkanlarını, əşyaların interneti və süni zəka sistemlərini, elektron xidmət göstərən mərkəzlərin həllərini öz fəaliyyətinə qoşmaqdır.
4. Hökumət sistemlərinin elektronlaşdırılması üçün ən vacib meyyarlar dövlət xətti ilə elektron sistemlərin inkişaf etdirilməsi üzrə ixtisaslaşan müəssisələrə investisiya yatırımları, təhsil sahəsində maliyyə və texnologiya ilə əlaqəli fənlərin prioritetinin artırılması, təşkilatlar arasında təbii və mütləq şəkildə sağlam rəqabət formalaşdırmaq, xarici təcrübənin aktiv və rasional mənimsənilməsi, qanunvericilikdə texnoloji meyyarları və bu sahədə fəaliyyət göstərən şirkətlərin müraciətlərini, təkiflərini nəzərə alaraq biznes-planların qurulmasıdır.
Sadalanan məsələlərin tam şəkildə həyata keçiriləcəyi təqdirdə biz Azərbaycanı elektron sistemlərin, onlayn xidmətlərin yüksək səviyyədə inkişaf etdiyi ölkə kimi görəcəyik. Ən əsası, texnologiyalar insanlığın rifahına xidmtə etməlidir və bu işdə hökumətin elektronlaşdırılması vəzifəsini öz üzərinə götürən qurumlara dəstək son dərəcə vacibdir.
Qeyd: Bu məqalə 2-ci "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb və 2-ci yerin qalibi olub.
Müəllif: Rüfət Seyidov
Tarix: 18.12.2020
0 Comments