Paytaxtdan kənarda rəqəmsallaşmaya “at arabası ilə” gedirlər (Bölgələrdə elektron dövlət xidmətlərinin təşviq edilməsinin həlli yolları)
“Mənim üçün Mingəçevirdə, ailəmin yanında yaşamaq daha rahatdır. İnternetim, kompüterim var. Evimdə oturub, dərslərimi onlayn oxuya bilirəm. Belə təhs
Universitet evə “köçür”
“Mənim üçün Mingəçevirdə, ailəmin yanında yaşamaq daha rahatdır. İnternetim, kompüterim var. Evimdə oturub, dərslərimi onlayn oxuya bilirəm. Belə təhsil regionlardan olan yüz minlərlə tələbəni bir çox qayğılardan - kirayə ev, iaşə, kommunal və nəqliyyat xərclərindən azad edir. Hər gün universitetə getmək üçün itirdiyim vaxta da qənaət edirəm. Düşünürəm ki, bütün universitetlər distant təhsili genişləndirməli və gələcəkdə abituriyentlərə istədikləri təhsil formasını seçmək imkanı yaratmalıdır. Belə təhsil kənddən şəhərə, ölkədən kənara miqrasiyanın qarşısını almaqda həlledici rol oynaya bilər”.
Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin magistratura pilləsində təhsil alan Kənan İsgəndərov belə deyir. Onun sözlərinə görə, distant təhsil alan tələbə universiteti bitirənədək iş yeri tapmağı, ya da öz işini qurmağı bacarır: “Həmin illərdə ən azı ailə təsərrüfatında çalışmaq imkanın olur”.
COVİD-19 yeni növ virusunun yayılması ilə əlaqədar mart ayının əvvəlindən dünyanın əksər ölkələrində, o cümlədən azərbaycanda ənənəvi təhsil dayandırılıb, distant təhsil və distant iş məsələləri gündəmə gəlib. Təhsil Nazirliyi vəziyyətdən çıxmaq üçün qısa müddətdə “Microsoft Teams” platforması üzərindən onlayn tədrisə keçib. “Microsoft” şirkətinin internet səhifəsində Azərbaycanın rəqəmsal təhsil təcrübəsindən bəhs edən məqalədə deyildiyi kimi: "Necə oldu ki, bir nazirlik tez bir zamanda onlayn sinif otaqları yaratmaq üçün düzgün strategiya, resurs və texnologiya tapa bildi?" Suala cavabda bildirilir: “Azərbaycan hökuməti martın 3-dən bütün təhsil müəssisələrini bağladı. Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə bir neçə fərqli həll yolları nəzərdən keçirildi. Təhsil Nazirliyi problemin həlli üçün mövcud olan ən yaxşı çıxış yolu kimi bütün ali təhsil müəssisələrinə "Teams" platformasından istifadə edilməsini tövsiyə etməklə öz dəstəyini göstərdi. Məsafədən təhsilə keçidin daha asan əlçatanlığını təmin etmək məqsədilə "Microsoft Azərbaycan” komandası "Bestcomp Group”, "Edumedia” və Təhsildə İnnovativ Texnologiyalar şirkətlərinin birgə dəstəyi ilə məktəblərə, müəllimlərə, tələbə və onların ailə üzvlərinə yeni öyrənmə üsullarını daha asan mənimsəmək üçün köməklik göstərdi”. (https://news.microsoft.com/en-cee/2020/07/09/azerbaijan-how-one-ministry-found-the-right-strategy-resources-and-technology-to-quickly-create-online-classrooms/)
Nəğd ödənişlər qalmaqdadır
Bu gün əhalinin, xüsusən regionlarda yaşayanların ciddi maarifləndirilməsi və yeniliyə alışması, hələ kağız üzərində qalan bir sıra xidmətlərin elektronlaşdırılması problem olaraq qalır. Əvvəllər elektrik enerjisi istehlakçıları olan fiziki və fərdi abonentlər elektron sayğac kartlarını yalnız poçtlarda yükləməklə balanslarını artıra bilirdilər. Bu isə soyuq havalarda və ya elektrik enerjisinə tələbat çoxaldıqda böyük növbələr yaradır, vaxt itkilərinə səbəb olurdu. Eyni zamanda poçtlar şənbə günü günortaya qədər çalışdığı, istirahət günü isə işləmədiyi üçün elektrik enerjisi kəsilən abonent məcburiyyət üzündən bazar ertəsi gününə qədər gözləməli olurdu. 2017-ci ilin sentyabr ayından tətbiq olunan ödəmə vasitəsi bu problemi aradan qaldırdı. Belə ki, bölgələrdə "MilliÖN" ödəniş sisteminə quraşdırılan yeni qurğu vasitəsi ilə elektron sayğac kartlarının balansını artırmaq mümkün oldu. 3 il öncə bu barədə xəbərləri yerli KİV-lər həvəslə paylaşırdılar. (
https://apa.az/az/senaye-ve-energetika/xeber_bolgelerde_elektrik_enerjisine_gore_borc_-487089)
Lakin bölgələrdə kommunal xidmətlərin bir hissəsi bu günə qədər elektronlaşmayıb. MİS-lər qəbz təqdim edərək, mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqını hələ də nəğd qaydada toplayır. Sanitar Təmizlik İdarəsi isə məişət tullantılarının yığılması və daşınması üçün qəbz verməklə poçt şöbələrində ödənişi həyata keçirir. Vətəndaş bu ödənişləri elektron qaydada etmək istədiyini söyləsə də, bunun mümkün olmadığını bildirirlər. Sual olunur: Görəsən qurum işçilərinin təqdim etdiyi bu qəbzlər nə dərəcədə etibarlıdır?
“Kaspi” qəzetinə müsahibə verən Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Xəyal Bəşirov deyib ki, əslində göstərilən xidmətlərlə bağlı vətəndaşlardan pul tələb etmək qanuna ziddir: "Çünki qanuna əsasən, onların gördüyü işi bələdiyyələr həyata keçirməlidir... Əgər bu ödəniş qanunidirsə, onun elektron forması da mövcud olmalıdır”. (
http://www.kaspi.az/az/qapiya-gelib-pul-isteyen-mktb-emekdaslarina-ne-deyek)
Əksər bələdiyələrin adı HÖP-də yoxdur
Ötən ilin sentyabrında Vergilər Xidməti məlumat yaydı ki, bələdiyyə ödənişləri "Hökumət Ödəniş Portalı" vasitəsilə aparılacaq (
https://vergiler.az/news/news/4013.html). Hazırda Hökumət Ödəniş Portalına 13 mərkəzi icra hakimiyyəti orqanı, 'Elektron Məhkəmə' portalı üzərindən 97 məhkəmə orqanı, səhm paketi dövlətə məxsus olan 9 hüquqi şəxs, 6 dövlət ali təhsil müəssisəsi, İcbari sığorta Bürosu vasitəsi ilə 13 sığorta şirkəti və 3 mobil rabitə operatoru və pilot olaraq seçilmiş 10 bələdiyyə orqanı inteqrasiya olunub. (
https://gpp.az/WebPortal/Infosite/About). Hətta HÖP-ə daxil edilən bələdiyyələr belə köhnə şineldən çıxa bilməyiblər. Vətəndaşların evlərinə göndərilən bildirişlərdə qeyd olunur ki, əmlak vergisini ödəmək üçün şəxsiyyət vəsiqəsi və mülkiyyət hüququnu təsdiq edən sənədlərlə birgə yerli bələdiyyəyə gəlməlidirlər. Burada adlarına müvafiq kod açıldıqdan sonra bank və ya poçt şöbələrində vergilərini ödəyə bilərlər. Əhalinin əksəriyyətinin əmlak vergisi ödəyicisi olduğunu nəzərə alsaq, pandemiya günlərində onların bələdiyyəyə gəlməsi arzuolunan deyil. Bu səbəbdən də 12 mindən artıq əmlak vergisi ödəyicisi olan Mingəçevir bələdiyyəsində başa çatan ilin bu gününədək kod alanların sayı on dəfədən də azdır. Halbuki bələdiyyə Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə razılaşma əsasında zəruri məlumatları əldə edəndən sonra hər bir vətəndaşa bildiriş kodunu göndərə bilər. Mingəçevir Bələdiyyəsinin sosial-iqtisadi inkişaf şöbəsinin müdiri Zahid Qasımlıdan aldığımız məlumata görə, 2020-ci il üçün nəzərdə tutulan 126 min manat verginin cüzi hissəsinin yığılması bu və başqa səbəblərlə bağlıdır: “Dövlət qurumları onların bazasında olan vacib informasiyaları bizə çətinliklə verirlər. Bəzən qanunvericiliyin tələblərini pozaraq, sorğularımıza vaxtında cavab vermirlər. Üstəlik poçt və ya bankda növbələr olduğundan vətəndaş ödəniş etməyə maraqlı deyil”.
Smart sayğac mexaniki sayğacla dəyişdirilir
Mütəxəssislər belə hesab edirlər ki, koronavirusla mübarizədə vətəndaşlardan evdə qalmaları və əllərini tez-tez yumaları tələb olunur. Təbii ki, insanlar evdə qaldıqları üçün kommunal xidmətlərdən də daha çox istifadə edirlər, bu da xərclərin artmasına gətirib çıxarır. "Azərsu", "Azərişıq" Açıq Səhmdar cəmiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri mətbuata açıqlamalarında bildiriblər ki, insanların gəlirlərində azalmalar olduğundan kommunal xidmət haqqına görə ödənişlərdə çətinliklər yaranıb, buna görə də heç kimə xidmət dayandırılmayıb. Amma rəsmilər etiraf edirlər ki, bəzi vətəndaşlar imkanları olduğu halda ödənişlərdən yayınmağa çalışırlar. (
https://vergiler.az/news/economy/7840.html)
O yerdə ki, "Smart" tipli sayğaclar quraşdırılıb, abonenlər balanslarını artırıb xidmətdən istifadə edə bilirlər. Yəni bu zaman sui-istifadə hallarına yer qalmır. Onda sual olunur: nədən xidmət təşkilatları son dövrlərdə smart sayğacları mexaniki sayğaclarla əvəz edirlər?
“Azərsu” ASC-də çalışan və adının çəkilməsini istəməyən mənbənin dediyinə görə, Dövlət Proqramı çərçivəsində Mingəçevirin su-kanalizasiya sistemi yenidən qurularkən həm hüquqi, həm də fiziki şəxs olan abonentlərin obyekt və evlərində birmənalı şəkildə smart sayğaclar quraşdırılırdı: “Sonradan bu proses dayandırıldı, hətta bağ evlərində elektron sayğaclar sökülərək, hara isə aparıldı, əvəzində isə mexaniki sayğaclar quraşdırıldı. İndi hər evə bildiriş paylamaq, borcunu ödəməyənlərə xidməti dayandırmaq üçün nə qədər əlavə işçi çalışmalıdır?! Elə abonentlər var ki, borcu 300-700 manat civarındadır”.
Oxşar proses “Azəriqaz” və “Azərişıq”da da baş verir. Mənbə smart sayğacların xeyli baha olduğunu əsas gətirərək, bu addımın atıldığını iddia edir. Amma unuduruq ki, bəri başdan ucuz sayğacların alınması işin keyfiyyətini azaldır, üstəlik əlavə işçilər hesabına yığımın toplanması mümkün olur, bu da xərclərin artmasına gətirib çıxarır.
"Azəriqaz" İstehsalat Birliyinin (İB) Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Teleqraf.com-a bildirib ki, ölkə ərazisində fərdi yaşayış yerlərində, yəni həyət evlərində beş ildən bir dövlət yoxlanışı zamanı vaxtı bitən smart kart tipli sayğaclar dəyişdirilərkən onların yerinə mexaniki sayğaclar qoyulur: "Mexaniki sayğac almaq bizə daha ucuz başa gəlir. Hazırda enerji bazarında baş verən dalğalanmalarla əlaqədar olaraq dünyada maliyyə məsələlərinə hər bir təşkilat yenidən baxır. Bizdə də mexaniki sayğaclar smart kart tipli sayğaclardan 3 dəfə ucuz başa gəlir. "Smart-kart" sayğacının komplektinin qiyməti təqribi 220, mexaniki sayğac komplektinin isə 70-90 manat ətrafında dəyişir". (
https://teleqraf.com/news/toplum/252567.html)
Təbii ki, bildirişlərin paylanması, ödənişlərin qəbul edilməsi zamanı xidmət işçilərinin vətəndaşlarla təması yaranır və yoluxma riski artır. İndiki pandemiya günlərində bu yolverilməzdir. Halbuki insanların öz evlərindən, yaxud post-terminallardan ödənişlər aparması şəffaflığa nail olmağın, rüşvət və korrupsiyanın qarşısını almağın, son nəticədə məmur-vətəndaş təmasını aradan qaldırmağın ən real yoludur.
Regionlarda mənzil başına köhnə avtobuslarla və ənənəvi ödənişlərlə çata bilirik
Paytaxtdan fərqli olaraq regionlarda iri marketlər xaric, kiçik marketlərdə POS-terminallar quraşdırılmır. Baxmayaraq ki, 2015-ci ilin sonlarına qədər bütün ticarət və xidmət sektorunda nağdsız hesablaşmalara imkan verən POS-terminalların quraşdırılması yekunlaşmalı idi. Sahibkarlar həmin aparatlar üçün 500-1000 manat vermək istəmirlər. Alıcılar isə nəğd hesablaşmaq üçün əmək haqqı və ya təqaüd kartından pul çıxarmaq məcburiyyətində qalırlar.
İqtisadçı ekspert Anar Bayramovun dediyinə görə, banklar POS-terminalları sahibkara verdəndə onun dəyəri öncədən alınır: “Amma təcrübədə sahibkarlar POS-terminalla həyata keçirilən dövriyyədən müəyyən məbləğdə hesablanan faizlər əsasında banklara xidmət haqqı ödəyirlər. Bankın müəyyən müddətdə POS-terminalın dəyərini sahibkardan əldə etməsinə şərait yaradan bu cür nağdsız dövriyyə yalnız iri supermarketlərdə mümkün olur. Digər vergi ödəyicilərində həmin qurğuların quraşdırılması bank üçün o qədər də maraqlı deyil”.
Ekpertin fikrincə, sahibkar POS-terminalla həyata keçirdiyi 1000 manatlıq dövriyyəyə görə orta hesabla 2 faiz komisyon və cari hesabdan nağd pul çıxarmağa görə banka 0,5 faiz xidmət haqqı ödəyir: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi sahibkarlar nağd apardıqları əməliyyatları əksər hallarda rəsmiləşdirmir. Vergi Məcəlləsində POS-terminalla aparılan əməliyyatlar üzrə güzəştlər nəzərdə tutulsa da, bu səbəbə görə belə üsul həmin sahibkarlar üçün sərfəli deyil”.
Vəziyyətdən çıxış yolu kimi əhalinin, xüsusən də yaşlı nəslin alış-verişini yüngülləşdirmək üçün marketlərdə POS-terminalın quraşdırılması və onun işləməsi üçün yüksək sürətli internetin çəkilməsini təmin etmək lazımdır. (
https://vergiler.az/news/taxes/3778.html)
Bir neçə ildir ki, Bakı Nəqliyyat Agentliyinin paytaxtın ictimai nəqliyyatında sərnişinlər üçün yeni təmassız ödəniş kartları üsuluna keçilib. Avtobusa minən sərnişin “elektron pul kisəsi” vasitəsilə onunla gələn bir neçə nəfərin əvəzinə də nağdsız ödəniş edə bilir. Önəmli hallardan biri də budur ki, kartların istifadə müddətində məhdudiyyət yoxdur. Balansı artırmaq üçün "BakıKART" terminallarına müraciət etmək lazımdır. (
https://bna.az/az/faq)
Lakin bölgələrdə “taksi” fəaliyyəti göstərən köhnə minik maşınlarında, traktor mühərriki ilə işləyən ictimai nəqliyyatda ödənişlərin ancaq nəğd yolla aparıldığını görürük. Üstəlik Bakıdan çıxan avtobuslara yola düşməsinə 10 gün qalanadək onlayn bilet ala bildiyimiz halda (
https://avtovagzal.az/page/bilet-satisi), nə bir rayondan qonşu rayona, nə də Bakıya internet üzərindən bilet satış mexanizmi yoxdur. Buna görə də vətəndaş istədiyi yerə getmək üçün bir neçə gün və ya bir neçə saat əvvəl avtovağzala gəlməli, bilet almalı və avtobus yola düşərkən təkrar avtovağzala gəlməlidir. Bu da vaxt itkisi, əlavə məsrəf və əsəb sarsıntısı yaradır. Bayram günlərində isə avtobusun sürücüsü ilə tanışlığı olanlar ən şanslı və bəxti gətirmiş sərnişinlər hesab olunur.
P.S. Bu gün mobil telefonuyla BirBanka qoşulanlar bütün ödənişlərini rahatca burada etmək, üstəlik ödədiyinin bir hissəsini geri almaq şansı qazanırlar. Kapital Bankın bu mobil tətbiqi vasitəsiylə evindən kredit borcları, kommunal xərcləri ödəmək mümkündür. Bu vasitə ilə onlayn alış-veriş etmək, mobil telefonun balansına, bir kartdan digər karta pul köçürmək asan bir işə çevrilib. Üstəlik Kapital Bank-ın maliyyə partnyorluğu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bir neçə ay əvvəl istehlakçıların ixtiyarına verdiyi
www.edvgerial.az portalı alış-veriş zamanı təqdim edilən çekin üzərindəki ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-ni alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirməyə şərait yaradıb. Niyə də bu fürsətləri əldən buraxaq! Axı onlayn pul qabımızda yığılan qəpiklər və manatlar sonradan böyük pullara çevrilir.
Qeyd: Bu məqalə 2-ci "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb və 3-cü yerə layiq görülüb.
Müəllif: Yeganə Nəbiyeva
Tarix: 18.12.2020
0 Comments