Lang Azərbaycan
Ehim

“Rəqəmsal Jurnalistikaya doğru” proqramı 1

Mövcud problemlər və ehtiyac

Hazırda rəqəmsal xidmətlərin bütün sahələrində resursların populyarlığı, vətəndaşlar və biznes sektoru tərəfindən effektiv istifadəsi yetərli deyil. Həmçinin, vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə yaradılmış elektron dövlət xidmətləri və rəqəmsal həllərin istifadə qaydaları, hətta bəzi hallarda mövcudluğu haqqında da məlumat çatışmazlığı nəzərə çarpır. Bəzi hallarda isə hər hansı bir xidmətin jurnalist tərəfindən istifadə və ya test edilmədən, araşdırılmadan vətəndaşlara səhv və ya təhrif olunmuş şəkildə çatdırılması halları baş verir. Dezinformasiya faktorlarının və məlumat çirkliliyinin yeni yaradılan rəqəmsal xidmətlərə təsiri də bu sahənin inkişafı üçün maneə, eyni zamanda cəmiyyətdə çaşqınlıq yaradır. Dövlət, maliyyə-bank, ticarət və digər sahələr üzrə yeni yaradılan rəqəmsal məhsullar bəzi hallarda ilkin inkişaf mərhələsində yuxarıda göstərilən səbəblərə görə uğursuzluqla nəticələnə bilir. Xidmətin yaradılma mərhələsindən əvvəl cəmiyyətin xidmətə hazırlanılması baş tutmadığından yeni xidmətlərin uğursuz olma riski çoxalır. Son dövrlərdə rəqəmsal xidmət sahəsində fəaliyyət güclənib. Bu məqsədlə, yeni yanaşmalar tətbiq olunur və yeni xidmətlər vətəndaşların istifadəsinə verilir. Əsas məqsədi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək olan Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti birbaşa olaraq rəqəmsallaşmaya, institusional yeniliklərin və innovativ xidmətlərin tətbiqinə bağlıdır. Lakin, bu xidmətlərin hədəf auditoriyasına, yəni vətəndaşlara düzgün və vaxtında çatdırılmasında jurnalistlərin rolu böyükdür. Mərkəz hazırda uzunmüddətli perspektivdə elektronlaşma və rəqəmsal xidmətlər haqqında jurnalistlərin təlimləndirilməsi ilə ictimaiyyətin düzgün məlumatlandırılmasına hədəflənmişdir.


Proqram haqqında

“Rəqəmsal Jurnalistikaya doğru” proqramının məqsədi aşağıdakılardır:

1. Jurnalistika sahəsində baş verən yeniliklər və trendlərin öyrənilməsi, onlayn media və etik prinsiplərin araşdırılması;

2. Rəqəmsal xidmətlər sahəsində ideya və təkliflərin toplanması, qiymətləndirilməsi və reallaşdırılmasına dəstək verilməsi;

3. Tədqiqatçı jurnalistikanın bu sahəyə tətbiqinin stimullaşdırılması;

4. Jurnalistlərin sahə üzrə düzgün məlumatlanmasının təmin edilməsi ilə məlumat çirkliliyinin qarşısının alınması;

5. Rəqəmsal xidmətlərdən istifadənin vətəndaşlar arasında düzgün təbliğ edilməsi.


“Rəqəmsal Jurnalistikaya doğru” - iki mərhələli proqramdır:

• Birinci mərhələdə xüsusi kriteriyalar üzrə seçilmiş jurnalistlər proqram üzrə nəzərdə tutulmuş mövzular üzrə təlimlər keçəcəklər. Təlimlər vebinar formatında keçiriləcək və 4 gün - 17, 18, 19, 20 iyun tarixlərində gündə 2 saat olmaqla davam edəcək;

• Proqramın ikinci mərhələsi isə vebinar təlimini uğurla bitirmiş iştirakçılar arasında keçirilən müsabiqədən ibarət olacaq. Bu hissədə təlimlər zamanı müzakirə edilmiş mövzular üzərindən yazı müsabiqəsi keçiriləcək. Proqramın bu hissəsində real keyslərin araşdırılması və bütün sahələr üzrə rəqəmsal xidmətlərin oxucu dilinə çevrilməsi həyata keçiriləcək. Bu praktiki tətbiq hissəsinin nəticəsində jurnalistlərin mövzuya stimulunun artırılması məqsədi ilə ən yaxşı yazılar seçilərək müəllifləri pul mükafatı ilə mükafatlandırılacaq. Müsabiqənin şərtləri sonuncu vebinar təlimində elan ediləcək. Bundan əlavə, proqramın hər iki mərhələsində iştirak etmiş jurnalistlər “Rəqəmsal Jurnalistikaya doğru” proqramı üzrə sertifikat əldə edəcəklər.


Mükafatlandırma və sertifikat

Proqramın sonunda hər iki mərhələdə iştirak etmiş iştirakçılar sertifikatla təltif olunacaqlar. Yazı müsabiqəsinin qalibləri isə pul mükafatı əldə edəcəklər. Müsabiqənin qalibləri üçün toplam 2200 AZN mükafat fondu təyin edilmişdir. Qaliblər arasından I yer sahibi 1000 AZN, II yer sahibi 700 AZN, III yer sahibi isə 500 AZN pul mükafatı qazanacaq.

Təlimin şərtləri

• Təlimə qatılanlar proqramın hər iki mərhələsində iştirak etməlidirlər. Yalnız proqramın hər iki mərhələsində iştirak etmiş jurnalistlər “Rəqəmsal Jurnalistikaya doğru” təlim proqramı üzrə sertifikat əldə edəcəklər. Təlimə qatılanların vebinarda iştirakı və aktivliyi onlayn qaydada izlənəcək.

• İştirakçılar proqramın ikinci mərhələsində açıqlanacaq müsabiqə zamanı araşdırma məqalələrini digital.gov.az veb-səhifəsinin Bloq hissəsində dərc etməlidirlər.

• İştirakçılar hər təlim günü sonunda təlimdən öyrəndiklərini sosial media hesablarında təlimin adına uyğun həştəqlə paylaşmalıdırlar.

Qeyd: Müsabiqənin nəticəsinə təsir edəcək ballar yuxarıda göstərilən müsabiqə şərtlərinə uyğun hesablanacaq. Proqramda nələri öyrənəcəksiniz?

• Jurnalistikada ən son rəqəmsal trendlər və innovativ yanaşmalar

• Jurnalistlərin işlərini asanlaşdıracaq mövcud rəqəmsal alətlər haqqında məlumat

• Azərbaycanda elektronlaşma prosesləri, movcud elektron xidmətlər, onlardan istifadə və təhlükəsizlik qaydaları

• Jurnalistlərin dəstəyilə cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi, elektron xidmətlər barəsində məlumat yayarkən xidmətin düzgün araşdırılması və nəticələrin çıxarılması

• Elektron Hökumətin İnkişafı Mərkəzi və onun fəaliyyət istiqamətləri


Proqramda kimlər iştirak edə bilər?

• Müasir dövrün yeniliklərini, texnika və texnologiyanın inkişafını yaxından izləyən və jurnalist fəaliyyətilə məşğul olan;

• İş fəaliyyəti rəqəmsallaşma və elektronlaşma tendensiyalarını araşdırmaq olan və cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi üçün məqalələr yazan və ya çəkilişlər aparan;

• Bu sahədə öz biliklərini daha da artıraraq, öyrənmək və sahə üzrə gənc bloger və ya fikir lideri olaraq inkişaf etmək, cəmiyyəti bu istiqamətdə maarifləndirmək istəyən hər kəs proqramda iştirak edə bilər.


Sponsor və tərəfdaşlarımız

“Rəqəmsal Jurnalistikaya doğru” proqramı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzi və Paşa Holdinqin birgə tərəfdaşlığı çərçivəsində reallaşdırılır.


Necə müraciət etmək olar?

Proqrama müraciət etmək istəyən namizədlər aşağıdakı keçid linkindən elektron şəkildə qeydiyyatdan keçməli, özləri haqqında lazımi məlumatlar və ən az 250 sözdən ibarət motivasiya məktubunu əlavə etməlidirlər.


Müraciət formu

Qeydiyyat üçün son müraciət tarixi – 14 iyun, saat 00:00

Qeydiyyatdan uğurla keçən və təyin edilmiş jüri heyəti tərəfindən seçilmiş namizədlərin adları 16 iyun tarixində Mərkəzin rəsmi internet ünvanı olan www.digital.gov.az saytında dərc olunacaq, həmçinin iştirakçılara e-mail vasitəsilə bildiriləcəkdir. Vebinara qoşulmaq üçün lazımi məlumatlar seçilmiş iştirakçıların elektron poçt ünvanına göndəriləcəkdir.


Əlavə suallarınız üçün digicom@asan.gov.az elektron ünvanına müraciət edə bilərsiniz.

>