Lang Azərbaycan
Ehim

“Rəqəmsal Jurnalistikaya doğru” proqramı 4

Mövcud problemlər və ehtiyac:

Hazırda rəqəmsal xidmətlərin bütün sahələrində resursların populyarlığı, vətəndaşlar və biznes sektoru tərəfindən effektiv istifadəsi yetərli deyil. Həmçinin, vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə yaradılmış elektron dövlət xidmətləri və rəqəmsal həllərin istifadə qaydaları, hətta bəzi hallarda mövcudluğu haqqında da məlumat çatışmazlığı nəzərə çarpır. Bəzi hallarda isə hər hansı bir xidmətin jurnalist tərəfindən istifadə və ya test edilmədən, araşdırılmadan vətəndaşlara səhv və ya təhrif olunmuş şəkildə çatdırılması halları baş verir. Dezinformasiya faktorlarının və məlumat çirkliliyinin yeni yaradılan rəqəmsal xidmətlərə təsiri də bu sahənin inkişafı üçün maneə, eyni zamanda cəmiyyətdə çaşqınlıq yaradır.  

Dövlət, maliyyə-bank, ticarət və digər sahələr üzrə yeni yaradılan rəqəmsal məhsullar bəzi hallarda ilkin inkişaf etapında yuxarıda göstərilən səbəblərə görə uğursuzluqla nəticələnə bilir. Xidmətin yaradılma mərhələsindən əvvəl cəmiyyətin xidmətə hazırlanılması baş tutmadığından yeni xidmətlərin uğursuz olma riski çoxalır.

Son dövrlərdə Rəqəmsal Xidmət sahəsində fəaliyyət güclənib. Bu məqsədlə, yeni yanaşmalar tətbiq olunur və  yeni xidmətlər vətəndaşların istifadəsinə verilir. Əsas məqsədi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək olan Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti bir-başa olaraq rəqəmsallaşmaya, institusional yeniliklərin və innovativ xidmətlərin tətbiqinə bağlıdır. Lakin, bu xidmətlərin hədəf auditoriyasına, yəni vətəndaşlara düzgün və vaxtında çatıdırılmasında jurnalistlərin rolu böyükdür. Mərkəz hazırda uzunmüddətli perspektivdə elektronlaşma və rəqəmsal xidmətlər haqqında jurnalistlərin maarifləndirilməsi ilə ictimaiyyətin düzgün məlumatlandırılmasına hədəflənmişdir.

Proqram haqqında: 
 
“Rəqəmsal Jurnalistikaya doğru” proqramının məqsədi aşağıdakılardır:

1.      Jurnalistika sahəsində baş verən yeniliklər və trendlərin öyrənilməsi, onlayn media və etik prinsiplərin araşdırılması;
2.      Rəqəmsal xidmətlər sahəsində ideya və təkliflərin toplanması, qiymətləndirilməsi və reallaşdırılmasına dəstək verilməsi;
3.      Tədqiqatçı jurnalistikanın bu sahəyə tətbiqinin stimullaşdırılması;
4.      Jurnalistlərin sahə üzrə düzgün məlumatlanmasının təmin edilməsi ilə məlumat çirkliliyinin qarşısının alınması;
5.      Rəqəmsal xidmətlərdən istifadənin vətəndaşlar arasında düzgün təbliğ edilməsi.

“Rəqəmsal Jurnalistikaya doğru”  iki mərhələli proqramdır:
Birinci mərhələdə xüsusi kriteriyalar üzrə seçilmiş jurnalistlər proqram üzrə nəzərdə tutulmuş mövzular üzrə təlimlər keçəcəklər. Təlimlər 5 gün – 24, 25, 26, 27, 28 oktyabr tarixlərində gündə 3 saat olmaqla davam edəcək;
Proqramın ikinci mərhələsi isə təlimiləri uğurla bitirmiş iştirakçılar arasında keçirilən müsabiqədən  ibarət olacaq. Bu hissədə təlimlər zamanı müzakirə edilmiş mövzular üzərindən yazı müsabiqəsi keçiriləcək. Proqramın bu hissəsində real keyslərin araşdırılması və bütün sahələr üzrə rəqəmsal xidmətlərin oxucu dilinə çevrilməsi həyata keçiriləcək. Bu praktiki tətbiq hissəsinin nəticəsində jurnalistlərin mövzuya stimulunun artırılması məqsədi ilə ən yaxşı yazılar seçilərək müəllifləri pul mükafatı ilə mükafatlandırılacaq. Müsabiqənin şərtləri sonuncu təlimdə elan ediləcək. Bundan əlavə, proqramın hər iki mərhələsində iştirak etmiş jurnalistlər “Rəqəmsal Jurnalistikaya doğru” proqramı üzrə sertifikat əldə edəcəklər.

Mükafatlandırma və sertifikat:
Proqramın sonunda hər iki mərhələdə iştirak etmiş iştirakçılar sertifikatla təltif olunacaqlar. Yazı müsabiqəsinin qalibləri isə pul mükafatı əldə edəcəklər. Müsabiqənin qalibləri üçün toplam 2200 AZN mükafat fondu  təyin edilmişdir. Qaliblər arasından I yer sahibi 1000 AZN, II yer sahibi 700 AZN, III yer sahibi isə 500 AZN pul mükafatı qazanacaq.

Təlimin şərtləri:
Təlimə qatılanlar proqramın hər təlim günündə iştirak etməlidirlər. Yalnız bütün təlimlərdə iştirak edən uğurlu iştirakçılar “Rəqəmsal Jurnalistikaya doğru”  proqramı üzrə sertifikat əldə edəcəklər. Təlimə qatılanların təlimlərdə iştirakı və aktivliyi izlənəcək. Hər hansı bir önəmli səbəbdən təlimə qatıla bilmədikdə, iştirakçıdan bununla bağlı təşkilatçıları xəbərdar etməsi gözlənilir.

İştirakçılar hər təlim günü sonunda təlimdən öyrəndiklərini sosial media hesablarında #YenilikləriKəşfEt, #RəqəmsalJurnalistikayaDoğru, #eGovAzerbaijan həştəqləri ilə paylaşmalıdırlar.

Proqramda nələri öyrənəcəksiz? 
·   Jurnalistikada ən son rəqəmsal trendlər və innovativ yanaşmalar
·  Jurnalistlərin işlərini asanlaşdıracaq mövcud rəqəmsal alətlər haqqında məlumat
·  Azərbaycanda elektronlaşma prosesləri, mövcud elektron xidmətlər, onlardan istifadə və təhlükəsizlik qaydaları
·  Jurnalistlərin dəstəyilə cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi, elektron xidmətlər barəsində məlumat yayarkən xidmətin düzgün araşdırılması və nəticələrin çıxarılması
·   Elektron Hökumətin İnkişafı Mərkəzi və onun fəaliyyət istiqamətləri

Proqramda kimlər iştirak edə bilər?
·         Müasir dövrün yeniliklərini, texnika və texnologiyanın inkişafını yaxından izləyən və jurnalist fəaliyyətilə məşğul olan;
·         İş fəaliyyəti rəqəmsallaşma və elektronlaşma tendensiyalarını araşdırmaq olan və cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi üçün məqalələr yazan və ya çəkilişlər aparan,  
·         Bu sahədə öz biliklərini daha da artıraraq, öyrənmək və sahə üzrə gənc bloger və ya fikir lideri olaraq inkişaf etmək, cəmiyyəti bu istiqamətdə maarifləndirmək istəyən
hər kəs proqramda iştirak edə bilər.

Sponsor və tərəfdaşlarımız:
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı, “ABB” ASC-nin sponsorluğu və ASAN Radionun informasiya dəstəyi ilə reallaşdırılır.
 
Necə müraciət etmək olar?
Proqrama müraciət etmək istəyən nazimədlər aşağıdakı keçid linkindən elektron şəkildə qeydiyyatdan keçməli, özləri haqqında lazımi məlumatlar və ən az 250 sözdən ibarət motivasiya məktubunu əlavə etməlidirlər.
 
Müraciət formu
Qeydiyyat üçün son müraciət tarixi – 15 oktyabr, saat 23:59
 
Qeydiyyatdan uğurla keçən və təyin edilmiş Jüri heyəti tərəfindən seçilmiş namizədlər 21 oktyabr tarixində e-mail vasitəsilə məlumatlandırılacaqlar. O cümlədən, proqrama qoşulmaq üçün lazımi məlumatlar seçilmiş  iştirakçıların elektron poçt ünvanına göndəriləcəkdir.

Əlavə suallarınız üçün digicom@asan.gov.az elektron ünvanına müraciət edə bilərsiz.

>