Lang Azərbaycan dili
Ehim

2 mart 2021 - 04:00

Pul əl çirkidir, kartda olanda isə... – Niyə tam “elektronlaşa” bilməmişik?

XXI əsrin tələblərindən biri, hətta birincisi bir sıra sahələrin, xidmət sektorunun elektronlaşdırılmasıdır. Müasir dövrün vaxt azlığından şikayətlənə

Pul əl çirkidir, kartda olanda isə... – Niyə tam “elektronlaşa” bilməmişik?

XXI əsrin tələblərindən biri, hətta birincisi bir sıra sahələrin, xidmət sektorunun elektronlaşdırılmasıdır. Müasir dövrün vaxt azlığından şikayətlənə

2 mart 2021 - 04:00

XXI əsrin tələblərindən biri, hətta birincisi bir sıra sahələrin, xidmət sektorunun elektronlaşdırılmasıdır. Müasir dövrün vaxt azlığından şikayətlənən, daim tələsən insanı üçün onlayn xidmətləri əlavə bonus adlandırsaq, yanılmarıq. Azərbaycanda bir çox sahələrdə prosedurların elektronlaşdırılması, elekton ödənişlərin təşviqi, eləcə də “Elektron hökumət”in formalaşdırılması baxımından böyük işlər görülüb. Lakin bu elə bir sahədir ki, daim təkmilləşdirilməli və inkişaf etdirilməlidir.

Nailiyyətlər çoxdur. Amma hazırda elektronlaşdırılmasına ehtiyac duyulan sahə və xidmətlər də az sayılmaz. Bu və ya digər səbəblərdən isə proses ləngiyir. Bəs nöqsanlar olan sahələr hansılardır?

Əvvəlcə onu qeyd edək ki, COVID-19 pandemiyası onlayn sahənin inkişaf etdirilməsinin nə dərəcədə zəruri olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Koronavirusla mübarizədə təmasları minimuma endirmək, sıxlığın qarşısını almaq istəyiriksə, bu işdə köməyimizə yalnız və yalnız onlayn xidmətlər çata bilər.

Başlayaq hər bir insanın davamlı olaraq üz tutduğu gündəlik qida məhsulları satılan mağazalardan. Sağlamlığımızın təhlükədə olduğu bir məqamda iri supermarketlərdə müştəri sıxlığının, eləcə də kassalarda uzun növbələrin yaranması iş adamlarını onlayn xidmətlərin təşviqi barədə daha dərindən düşünməyə sövq etməlidir. Əgər müxtəlif ərzaq mallarının onlayn qaydada sifarişi, çatdırılması istiqamətində vaxtında geniş iş görülsəydi, maarifləndirmə işləri aparılsaydı, indi insanların alış-veriş üçün marketlərə böyük axını ilə qarşılaşmazdıq. Koronavirus infeksiyasının yayıldığı bir vaxtda insanların qapalı məkanda sıx toplaşması ürəkaçan mənzərə deyil. Məhsulların onlayn sifarişi və çatdırılması xidməti yüksək səviyyədə təşkil edilsəydi, heç kim məsafə qət edərək mağazaya gəlməz, növbələrdə vaxt itirməzdi. Deməli, sahibkarlar təqdim etdikləri mal və xidmətlərin onlayn qaydada satışını təşkil etməyə biganə yanaşıblar. Halbuki bunun çox sadə həll yolu var. Şirkətin saytında satışda olan malların, həmçinin endirimdə olan məhsulların siyahısı, qiyməti və s. qeyd olunan bölmə yaradılmalı, bu bölmə mütəmadi yenilənməli, marketlərin özündə müştəriləri məlumatlandırmaq üçün onlayn satış və çatdırılma ilə bağlı elanlar verilməlidir. Həmçinin məhsulun onlayn alışının təşviqi üçün müəyyən həvəsləndirici kampaniyalar da aparmaq olar. Bundan başqa, qeyd olunan xidmətlərin daha yüksək təşkili üçün mobil tətbiqlər də hazırlana bilər. Bu təklif tikinti materialları, paltar, suvenir, kosmetika, gül və s. malların satışı üzrə ixtisaslaşan dükanlar üçün də keçərlidir.

Narahatlıq doğuran daha bir məqam isə gediş haqqı kartlarının balansının artırılması ilə bağlıdır. Hələ COVID-19 pandemiyasından əvvəl jurnalistlər tərəfindən bu məsələ mütəmadi gündəmə gətirilirdi. Lakin problemin həlli gecikdi, sonradan isə pandemiya ilə əlaqədar olaraq proses, demək olar, dayandırıldı. Nəticədə isə xüsusən də günün pik saatlarında, Bakı Metropoliteninin işləmədiyi bir vaxtda avtobus dayanacaqlarında ödəniş aparatlarının qarşısında sıxlıq davam edir. Bu da koronavirus infeksiyasının tüğyan etdiyi bir vaxtda olduqca təhlükəli haldır.

İndiki dövrdə daha çox ehtiyac duyulan onlayn xidmətlərdən biri də dərman preparatlarının satışı və çatdırılması ilə bağlıdır. Xəbərlərdən də görürük ki, son günlərdə yaşayış yerini qanunsuz tərk edən (həkim nəzarəti altında evdə müalicə alan) koronavirus xəstələrinin sayı artır. Polis əməkdaşları tərəfindən saxlanıldıqda isə bu addımlarını dərmana ehtiyacı olduqları, ancaq ya ailə üzvlərinin hamısının xəstə olduğu, ya da tək yaşadıqları üçün küçəyə çıxmaları ilə izah edirlər. Ona görə də apteklər mütləq qaydada dərman satışını onlayn həyata keçirməli, nağd satışla bağlı iş yükü azalan işçilərini isə çatdırılma xidmətinə cəlb etməlidirlər.

Azərbaycanda xidmət sektorunda məhsulun müştəri üçün əlçatanlığını nisbətən yaxşı təmin edən müəssisələr kafe və restoranlardır. Hələ pandemiya dövründən əvvəl çatdırılma xidməti göstərən ictimai iaşə müəssisələrinin işi bu mənada karantin rejimində bir qədər yüngül oldu. Lakin nəzərə almaq lazımdır ki, sifarişlər onlayn deyil, əsasən telefon zəngləri ilə qəbul edilir.

Elektron məhsulların satışını həyata keçirən mağazalar isə daha cəld tərpəniblər. Artıq uzun müddətdir ki, dükanlar şəbəkəsinə malik şirkətlər satdıqları malların öz saytları vasitəsilə sifarişini qəbul edib məhsulun ünvana çatdırılmasını təmin edirlər. Xarici ölkələrin də təcrübəsindən görürük ki, demək olar, bütün satış məntəqələrinin, müxtəlif malların satışı ilə məşğul olan bütün şirkətlərin alıcılara təqdim etdikləri məhsullarla bağlı məlumatların yer aldığı saytları, mobil tətbiqləri var, işlək vəziyyətdədir və bununla da tam olaraq onlayn satışı həyata keçirə bilirlər.

Karantin rejimi dövründə təhsil müəssisələrinin də fəaliyyəti dayandırıldı. Yeni təhsil növü – onlayn təhsil günün əsas tələbinə çevrildi. Amma təəssüf hissi ilə qeyd etməliyik ki, biz buna hazır deyildik. Halbuki uzun illərdir məsafədən (distant) və onlayn təhsilin vacibliyi vurğulanırdı, bu təhsil növünün tətbiq edilməsi üçün təlimlər, proqramlar keçirilirdi. İlk problem internetin verilişi ilə bağlıdır. Onlayn təhsil prosesi zamanı məlum oldu ki, ümumilikdə ölkə üzrə internetin sürəti qənaətbəxş səviyyədə deyil. Bundan başqa, müəyyən proqramlar, onlayn platformalar ya yoxdur, ya da hələ təkmilləşdirilməyib. Xüsusən, aşağı sinif şagirdləri və müəllimlər onlayn təhsil sisteminə hələ hazır deyil. Ümumiyyətlə, təhsil sisteminin elektronlaşdırılması ayrıca geniş araşdırma mövzusudur.

Ölkəmizdə bir çox ödənişlər internet üzərindən reallaşdırılsa da, nağdsız əməliyyatların sayı getdikcə artsa da, bu sahədə də müəyyən işlər görülməlidir. Məsələn, əməkhaqqı kartlarındakı vəsaitin yalnız müəyyən hissəsini nağdlaşdırmağa icazə verilməli, yalnız nağd pulla satış həyata keçirən mağazalara ciddi xəbərdarlıq edilməli, həmçinin taksi xidmətlərindən istifadəyə görə ödənişin yalnız onlayn qaydada qəbulu üçün taksi şirkətlərinə vaxt verilməlidir və s.

Əgər hələ də maaş və pensiyalar hesaba köçürülən vaxt bankomatlar qarşısında növbələrin yarandığını müşahidə ediriksə (əslində hər ayın ilk 10 günlüyündə bu mənzərə ilə qarşılaşırıq), deməli, istədiyimiz nəticəyə müvəffəq ola bilməmişik. COVID-19 pandemiyası göstərdi ki, sadalanan problem və ya çatışmazlıqların aradan qaldırılmasına vaxtında maksimum səy göstərilmədi, onlayn xidmətə, nağdsız əməliyyatlara tam üstünlük verilmədi. Əks təqdirdə indi çatışmazlıqların həllindən deyil, elektronlaşdırmanın daha da təkmilləşdirilməsi yollarından bəhs edərdik.

Qeyd: Bu məqalə 2-ci "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb. 

Müəllif: Bəxtiyar Hacıyev (ATV Telekanalı, redaktor)

Tarix: 17.12.2020

0 Comments