“Technest” Təqaüd Proqramının 2021-2022 tədris ilinin yekunları və gələcək fəaliyyət planı açıqlanıb
18-02-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” Təqaüd Proqramının 2021-2022 tədris ilinin yekunları və gələcək fəaliyyət planı açıqlanıb.
Sentyabrın 13-də keçirilən mətbuat konfransda agentliyin “Bacarıq və səriştələrin təkmilləşdirilməsi proqramları” departamentinin rəhbəri Elnarə Əlizadə, milli təqaüd proqramı üzrə cari ilin nəticələrini bəyan edib.
O bildirib ki, bir il müddətində tədris proqramından 30 ixtisas üzrə 57 faizi kişi, 43 faizi qadın olmaqla 700-dən çox vətəndaş yararlanıb, onlardan 200 nəfəri iş yeri ilə təmin olunub.
Gənclərin İKT sahəsində mütəxəssis kimi yetişməsi və onların intensiv təhsili üçün təqaüd təqdim edən “Technest” yarandığı gündən bu sahədə peşəkar kadr siyasətini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər.
Konfransda, həmçinin “Technest” Təqaüd Proqramının 2022-2023 tədris ili üçün plan və hədəfləri medianın diqqətinə çatdırılıb. Belə ki, “Technest” fəaliyyətinin ikinci ilində təqaüdçü sayını 2000 nəfərə çatdırmağı hədəfləyir.
“Technest”in bu il üçün əsas məqsədlərindən biri Azərbaycanda İKT savadlılığını artırmaq, bu sahə üzrə yerlərdə intensiv və peşəkar tədrislərin keçirilməsini təmin etməkdir. Məhz bu istiqamətdə, “Technest” Təqaüd Proqramı daha geniş coğrafiyalara yayılaraq növbəti regionların Gəncə, Mingəçevir, Lənkəran, Zaqatala, Naxçıvan olmasını hədəfləyir. Qeyd edək ki, proqramın ilk ilində pilot layihə olaraq Sabirabadda veb-proqramlaşdırma üzrə təlimlər həyata keçirilir.
2022-2023 tədris ilində ixtisasların sayının 50-dən yuxarı olması planlaşdırılır. Əmək bazarında tələb yaranan sahələr üzrə ehtiyacın ödənməsini nəzərə alaraq, data analitika, 3D dizayn, üst səviyyə proqramlaşdırma, data elmi, rəqəmsal marketinq, oyunların hazırlanması, testinq, sistem və şəbəkə inzibatçılığı kimi kurslar araşdırılaraq yeni akademik ilin planına daxil edilib, onlardan bir hissəsinə qeydiyyat artıq elan olunub.
“Technest” Təqaüd Proqramı 2021-ci il, İnnovasiya və Rəqəmsal İnkişaf Agentiyi tərəfindən təsis edilib. Əsas məqsəd ölkədə İKT istiqamətində təhsil imkanlarını əlçatan etmək və bu sahənin inkişafına töhfə verməkdir. Təqaüd proqramı üzrə yerli brend olan “Technest” – ölkədə ilk İKT kadr bankının yaradılmasına və təqaüdçülərin əmək bazarına inteqrasiyasının təmin olunmasına xidmət edir.