“Tiktok” ilə əməkdaşlıq çərçivəsində keçirilən proqramın qalibləri elan olunub
01-12-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “TikTok” platforması ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “TikTok Startup Academy” proqramının qalibləri müəyyən olunub.
28 noyabr 2023-cü ildə keçirilən yekun tədbirdə Özbəkistandan 16 və Azərbaycandan 16 olmaqla final mərhələsinə keçmiş startaplar seminar, “piçinq” və netvörkinq imkanları ətrafında bir araya gəliblər.
Tədbirdə iştirak edən İRİA və Özbəkistandan nümayəndələr, “TikTok” rəsmiləri və Azərbaycanda texnologiya, biznes istiqamətində məzmun yaradan blogerlər çıxış ediblər. Maarifləndirici sessiyada startaplara “TikTok” platformasında effektiv biznes strategiyaları haqqında seminarlar keçirilib.
Tədbirdə daha sonra “piçinq” sessiyasına seçilmiş 8 startap öz marketinq strategiyalarını auditoriyaya təqdim ediblər. Təqdimatların sonunda Azərbaycandan və Özbəkistandan toplam 6 startap qalib olaraq elan edilib. Belə ki, Azərbaycandan “BonPara”, “SpeakDay”, “MovementApp” startapları, Özbəkistandan “Tahrirchi”, “Sugurta Bozor”, “Beautify” startapları qalib olub. Onların hər biri “TikTok” platformasındakı marketinq investisiyası üçün 2.000 ABŞ dolları məbləğində mükafat əldə ediblər. Qeyd edək ki, 30 oktyabr tarixindən elan olunan proqrama müraciət onlayn formada həyata keçirilib. Startapların minimum işlək məhsul (MVP) səviyyəsində olması və qlobal bazara çıxış üçün strateji plana sahib olması əsas meyarlar olaraq qeyd olunub.
Bu meyarlara cavab verən 16 startap seçim mərhələsindən keçərək finala vəsiqə qazanıb. “TikTok Startup Academy” proqramı Azərbaycandan və Özbəkistandan olan startaplara dəstək vermək, onları “TikTok” sosial şəbəkəsi vasitəsilə rəqəmsal mənzərədə inkişaf üçün gücləndirmək məqsədi daşıyır. Proqram iştirakçılara marketinq strategiyaları ilə bağlı ekspert məsləhətlərindən faydalanmaqla yanaşı, məzmun yaratmaq üçün yeni və effektiv yollardan istifadəni də təşviq edir. İRİA ilə bu əməkdaşlıq qlobal brend olan “TikTok”un Azərbaycanda startapları dəstəkləməyə və onların “TikTok” platformasında uğurlarına töhfə verməyə sadiqliyini nümayiş etdirir.