Azərbaycanın rəqəmsal gələcəyini qururuq!

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli 1464 nömrəli Fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs olaraq yaradılmışdır. Agentliyin statusu, fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, idarəetmə və təşkilati strukturu Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi" ilə tənzimlənir.

Agentliyin Nizamnaməsi

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"nə əsasən, Agentlik rəqəmsal inkişaf sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi, həyata keçirilməsi (o cümlədən nəzarət və tənzimləmə), habelə yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin və innovasiya fəaliyyətinin həyata keçirilməsi, eləcə də fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərilməsi, innovasiyayönümlü elmi tədqiqatların və innovativ layihələrin (həmçinin startapların) təşviqi, onlara maliyyə dəstəyi göstərilməsi və innovasiya təşəbbüskarlığının təbliği sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

digital.azerbaijan

"digital.azerbaijan” İRİA-nın innovasiya və rəqəmsallaşma üzrə gördüyü işlərin mərkəzləşdirilərək bir çətir altında həyata keçirilməsini təmin edən brenddir. Belə ki, İRİA-nın rəqəmsal hökumət, rəqəmsal səriştələr və innovasiya ekosistemi üzrə təşəbbüsləri “digital.azerbaijan” brendi altında həyata keçirilir.  “digital.azerbaijan” həm yerli, həm də qlobal miqyasda bütün təşəbbüslər üçün vahid sima rolunu oynayır.

Azərbaycanın rəqəmsal gələcəyini qururuq!

Ölkəmizin rəqəmsal gələcəyini qurmaq üçün bir sıra mühüm addımlar atırıq. Bu istiqamətdə əsas diqqətimizi rəqəmsal hökumətin inkişafına, İKT sahəsində insan resurslarının gücləndirilməsinə və innovasiya ekosisteminin genişləndirilməsinə yönəldirik. Hədəfimiz ölkəmizi rəqəmsal idarəetmə və texnoloji innovasiyalar sahəsində beynəlxalq reytinqlərdə daha da irəlilətmək və regionda lider mövqeyə yüksəltməkdir.

İnnovasiya ekosisteminin inkişafına dəstək

İnnovasiya sahəsində fəaliyyət göstərən icmalar və startapların inkişafını dəstəkləmək üçün müxtəlif təşəbbüslər həyata keçiririk. Bu çərçivədə, startapları təşviq edən müsabiqə, proqram və tədbirlərə dəstək oluruq. Hər bir təşəbbüs, ekosistemin inkişafını gücləndirərək, ölkəmizin yenilikçi potensialını artırır və dünya səviyyəsində rəqabət qabiliyyətini təmin edir. Mentorların sayının artırılması və təcrübə mübadiləsi, gənc mütəxəssislərin inkişafını sürətləndirir.

Rəqəmsal hökumət həllərinin genişləndirilməsi

Rəqəmsallaşma sahəsində vətəndaşlara fərdi məlumatlarını asanlıqla idarə etmək və dövlət xidmətlərinə daha sürətli və rahat çıxış imkanı yaratmaq üçün müxtəlif tədbirlər görürük. Dövlət qurumları ilə vətəndaşlar arasında daha səmərəli əlaqə yaratmaq məqsədilə vahid kommunikasiya kanalları qururuq. Rəqəmsal sənəd dövriyyəsinin tətbiqi ilə kağız istifadəsinə qənaət edir, ekoloji təsirləri minimuma endiririk. Məlumat mübadiləsi sistemləri vasitəsilə dövlət qurumları arasında sürətli və təhlükəsiz məlumat ötürülməsini təmin edirik.

İKT sahəsində kadr potensialının artırılması

İKT sahəsində insan kapitalının inkişafı bizim prioritetlərimizdəndir. Bu sahədə, gənclərin və mütəxəssislərin rəqəmsal bacarıqlarının artırılmasına xüsusi diqqət yetiririk. Olimpiyadalara və müsabiqələrə hazırlıq üzrə proqramlar həyata keçirir, minlərlə şagirdin bu yarışmalarda uğur qazanmasına dəstək veririk. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi üçün müxtəlif təlimlər təşkil edirik. Beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək, ölkəyə xarici təcrübə gətirir və texnoloji sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını dəstəkləyirik.