“Technest” təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf agentliyinin nəzdində yaradılmışdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Proqram fəaliyyətinin ilk ili olan 2021-2022 tədris ilində 600-dən çox gəncə təhsil üçün təqaüd ayırmışdır və onların gələcəyin peşəsinə yiyələnməyinə təkan vermişdir. Fəaliyyətinin ikinci ilində qarşıya qoyulan məqsəd təqaüdçü sayını 3000 nəfərə qaldırmaqdır. “Technest” təqaüd proqramı mütəxəssislərin hazırlanması məqsədilə İKT sahəsində ölkənin qabaqcıl tədris mərkəzləri ilə əməkdaşlıq çərçivəsində ən tələbatlı ixtisaslar üzrə İKT kurslarına müsabiqə yolu ilə tələbə qəbulunu təşkil edir.
Müsabiqə bir neçə mərhələdə həyata keçirilir: onlayn müraciət, tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və ən sonda müsahibə mərhələsi. Yalnız bütün mərhələləri uğurla keçmiş namizədlər təqaüddən yararlana bilərlər. Qəbul nəticəsinə əsasən 70%, 90% və 100% təqaüd təyin olunur. Təqaüdə müraciət üçün minimal yaş həddi tədris proqramından asılı olaraq dəyişir.