Xəbərlər

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) növbəti “İcma Günü” tədbiri baş tutub.  

 

Tədbirin əsas məqsədi AKM məzunları arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, kibertəhlükəsizlik ekosisteminin inkişaf perspektivlərini müzakirə etmək və peşəkar əlaqələri möhkəmləndirmək olub.

   

Şamaxıda keçirilən görüşdə AKM-in müxtəlif tədris dalğalarının məzunları, Mərkəzin müəllim heyəti və əməkdaşları, eləcə də, informasiya təhlükəsizliyi mütəxəssisləri iştirak ediblər. Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və “Technion” Texnologiya İnstitutunun nümayəndələri çıxış ediblər.  

 

“İcma Günü” çərçivəsində Mərkəzin informasiya təhlükəsizliyi sahəsinin inkişafına verdiyi töhfələr, əldə olunan əsas nəticələr və gələcək fəaliyyət istiqamətləri barədə “AKM İcması: Nailiyyətlər, Təsiri və Vizyonu” mövzusunda təqdimat keçirilib. Həmçinin AKM-in yeni veb-saytı təqdim olunub. İştirakçılar saytın əsas funksional imkanları və təqdim etdiyi xidmətlərlə tanış olublar.  

 

Tədbir “Kibertəhlükəsizliyin Gələcəyini Birlikdə Qururuq” mövzusunda panel müzakirəsi ilə davam edib. Kibertəhlükəsizliyin inkişaf perspektivləri və mövcud çağırışlar, insan kapitalının gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin əhəmiyyəti, eləcə də peşəkar icmaların kibertəhlükəsizlik ekosisteminin inkişafındakı rolu ətrafında fikir mübadiləsi aparılıb. 

 

Sonda məzunlar arasında əməkdaşlıq əlaqələrinin qurulması və AKM icmasının inkişafına töhfə vermək məqsədilə müxtəlif oyunlar və komanda quruculuğu fəaliyyətləri keçirilib. 

 

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrailin “Technion” Texnologiya İnstitutunun birgə əməkdaşlığı ilə təsis edilib. Bu günədək Mərkəzdən 7 təlim dalğası üzrə ümumilikdə 420 kibertəhlükəsizlik mütəxəssisi məzun olub. AKM yüksəkixtisaslı kadrların hazırlanması ilə yanaşı, məzunlar arasında əlaqələrin gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi və peşəkar kibertəhlükəsizlik icmasının inkişafı istiqamətində təşəbbüslərini davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaş
  • instagram
  • whatsapp
  • telegram