Xəbərlər

Azərbaycan Qlobal İnnovasiya İndeksində 9 pillə irəlilədi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2026-cı il üçün açıqladığı Qlobal İnnovasiya İndeksində Azərbaycan 139 ölkə arasında 85-ci yerdə qərarlaşıb və 2025-ci illə müqayisədə 9 pillə irəliləyib.

 

Belə ki, əldə edilən bu nəticə Azərbaycan üçün son beş ilin ən yüksək göstəricisi hesab olunur. 2025 və 2026-cı il reytinqlərində iştirak edən ölkələrin mövqeləri müqayisə edildikdə, Azərbaycanın 9 pilləlik yüksəlişi ilin ən böyük irəliləyişlərindən biri kimi qiymətləndirilir. Azərbaycan bu göstərici üzrə ikinci ən yüksək illik artım nəticəsini bölüşür. Daha böyük artım yalnız Küveytin göstəricilərində qeydə alınıb. Bu ölkə 73-cü yerdən 62-ci yerə yüksələrək 11 pillə irəliləyib. Azərbaycan 94-cü yerdən 85-ci yerə, Venesuela isə 136-cı yerdən 127-ci yerə yüksələrək hər biri 9 pillə irəliləyiş göstərib.

 

Azərbaycanın nail olduğu ən əhəmiyyətli irəliləyişlərdən biri “Universitet–sənaye əməkdaşlığı və klasterlərin inkişafı” meyarında da Azərbaycan yüksək göstərici əldə edib. Ölkəmiz bu istiqamətdə 36-cı yerdən 5-ci yerə, klasterlərin inkişaf səviyyəsi üzrə isə 30-cu yerdən 4-cü yerə yüksəlib. Digər nəzərəçarpan irəliləyiş “İnfrastruktur, bazar mühiti və institutlar” meyarı üzrə qeydə alınıb. İnfrastruktur üzrə 105-ci yerdən 87-ci yerə yüksələn ölkəmiz 18 pillə irəliləyib. Bazar yetkinliyi üzrə göstərici 72-ci yerdən 63-cü yerə, institutlar üzrə isə 41-ci yerdən 36-cı yerə yüksəlib. Eyni zamanda, “Biznes yetkinliyi” meyarı üzrə Azərbaycan 2025-ci ildə 111-ci yerdə olduğu halda, 2026-cı ildə 91-ci mövqeyə yüksəlib.

 

Qlobal İnnovasiya İndeksində ölkəmizin göstəricilərinin əhəmiyyətli irəliləyişi Azərbaycanda innvovasiya fəaliyyəti istiqamətində aparılan effektiv və məqsədyönlü siyasətin nəticəsidir. Əldə edilən irəliləyiş, həmçinin, növbəti inkişaf mərhələsi üçün ölkəmizdə müəyyən edilmiş prioritetlərin aktuallığını bir daha təsdiq edir. Belə ki, innovasiya ekosisteminin inkişafı və innovasiya əsaslı iqtisadiyyata keçidlə bağlı prioritetlər “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda da öz əksini tapıb. Plandan irəli gələn prioritetlər üzrə icra edilən fəaliyyət gələcəkdə ölkəmizin beynəlxalq innovasiya reytinqlərində mövqeyinin yaxşılaşması üçün strateji baxışı formalaşdırır.

Xəbəri sosial şəbəkələrdə paylaş
  • instagram
  • whatsapp
  • telegram