Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) iştirakı ilə Azərbaycanın Qlobal İnnovasiya İndeksində (Qİİ) mövqeyinin gücləndirilməsinə həsr olunmuş videokonfrans baş tutub. Görüşün keçirilməsində başlıca məqsəd ölkəmizin sözügedən qlobal reytinqdə göstəricilərinin təhlili, əldə edilmiş nəticələr və qarşıda duran çağırışlarla əlaqədar fikir mübadiləsinin aparılması olub.
İRİA-nın sədri Fərid Osmanov onlayn toplantı zamanı Azərbaycanda innovasiya və rəqəmsallaşma istiqamətində son illərdə görülən işlər haqqında məlumat verib. O, Qİİ-nin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb və Agentliyin aidiyyəti üzrə dövlət qurumları ilə bu sahədə koordinasiyalı fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb: “Qlobal İnnovasiya İndeksindəki mövqeyimiz ölkəmizdə müxtəlif qurumların innovasiya istiqamətində fəaliyyətinin bir vəhdət olaraq təcəssümüdür. İRİA bu sahədə qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün tədbirlər icra edir və növbəti illərdə daha yaxşı nəticə əldə olunmasına mühüm töhfə vermək niyyətindəndir ”.
Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayat Həsənli çıxışında ÜƏMT ilə Azərbaycanın müvafiq qurumları arasında effektiv məlumat mübadiləsi və əməkdaşlığın qurulduğunu bildirib. Bundan əlavə, o, Azərbaycan haqqında məlumatların etibarlı mənbələrdən götürülməsinə əsaslanan yanaşmanın vacibliyini vurğulayıb. X. Həsənli qeyd edib ki, Qİİ üzrə koordinasiyanın gücləndirilməsi məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyada İşçi qrup yaradılıb. Bu xüsusda Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun mütəmadi iclasları keçirilir və gündəmdə olan mövzular müzakirə edilir.
Daha sonra ÜƏMT-nin nümayəndəsi Həbib Asan çıxış edərək bildirib ki, Qİİ sadəcə bir göstərici deyil, eyni zamanda, effektiv siyasətlərin tətbiqi nəticəsində sosial, iqtisadi və texnoloji sahədə əldə edilən, ən əsası, insanların həyatını müsbətə doğru dəyişən uğurlardır.
Videokonfransın davamında ÜƏMT-nin ölkələrlə Qİİ müstəvisində fəaliyyət mexanizmini əks etdirən təqdimat nümayiş etdirilib. ÜƏMT-nin eksperti Saşa Vunş Azərbaycanın Qlobal İndeksindəki mövqeyi, irəliləyiş əldə edilən istiqamətlər və inkişaf üçün yüksək potensialı olan sahələrin təhlilini aparıb. İnteraktiv müzakirə formatında keçən təqdimatda müxtəlif dövlət qurumlarının nümayəndələrinin sualları cavablandırılıb, çağırışlar və imkanlar ətrafında fikir mübadiləsi aparılıb, həmçinin növbəti məsləhətləşmələr üçün fəaliyyət planı müəyyən edilib.