Azərbaycanın rəqəmsal hökumət və texnoloji potensialı “ITCN Asia 2026” sərgisində təqdim olunub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Texnopark rezidentlərindən ibarət nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində keçirilən 28-ci “ITCN Asia 2026” beynəlxalq texnologiya sərgisi və konfransında iştirak edib. Səfərin əsas məqsədi Azərbaycanın rəqəmsal hökumət təcrübəsinin, innovasiya ekosisteminin, kibertəhlükəsizlik imkanlarının və Azərbaycanın texnologiya şirkətlərinin məhsul və xidmətlərinin beynəlxalq auditoriyaya təqdim edilməsi, eləcə də Cənubi və Mərkəzi Asiya, Yaxın Şərq bazarları ilə texnoloji əməkdaşlıq, investisiya və İKT ixracı imkanlarının genişləndirilməsidir.
Belə ki, sərgi çərçivəsində Azərbaycan Milli Pavilyonunda “SİMA İmza”, “mygov”, “mygov ID”, “digital.bridge” və RSD kimi rəqəmsal həlləri, ölkənin innovasiya və Texnopark ekosistemi, həmçinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin kadr hazırlığı modeli təqdim olunub. Xarici texnologiya şirkətlərinə Azərbaycanda fəaliyyət göstərmək üçün mövcud Texnopark imkanları və təşviq mexanizmləri barədə də məlumat verilib.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Pakistanın rəqəmsal transformasiya və texnologiyaya cavabdeh dövlət qurumları, regional İT assosiasiyaları, beynəlxalq investorlar, telekommunikasiya operatorları, banklar, kibertəhlükəsizlik və proqram təminatı şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanın rəqəmsal inkişaf və innovasiya ekosistemi, rəqəmsal hökumət həlləri, tədqiqat və inkişaf fəaliyyəti, İKT ixracı və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Azərbaycandan Milli Pavilyonda təmsil olunan Texnopark rezidentləri də öz texnoloji həllərini beynəlxalq auditoriyaya təqdim ediblər. Şirkətlər süni intellekt və maşın öyrənməsi əsaslı skorinq, mikrokreditləşmə, fintex, sistem inteqrasiyası, proqram təminatı, korporativ İT infrastrukturu, məlumat bazalarının idarə edilməsi, “Big Data” analitikası və data idarəçiliyi xidmətlərini nümayiş etdirib.
Tədbir çərçivəsində Azərbaycanın texnologiya şirkətlərinin Cənubi Asiya bazarına çıxışı, xarici şirkətlərlə kommersiya tərəfdaşlıqlarının qurulması, investisiya imkanları və Azərbaycanın regional texnologiya mərkəzi kimi potensialı müzakirə edilib.
Qeyd edək ki, “ITCN Asia” Cənubi Asiyanın sürətlə inkişaf edən texnologiya sərgilərindən biri olmaqla dövlət qurumlarını, texnologiya şirkətlərini, investorları, telekommunikasiya və maliyyə sektorunun nümayəndələrini bir araya gətirən beynəlxalq platformadır. 2026-cı ildə tədbir 22–24 sentyabr tarixlərində Kəraçi Ekspo Mərkəzində keçirilib.