Xəbərlər

İctimai dinləmə: QHT-lərin dövlətin rəqəmsal inkişaf siyasətinə dəstəyi müzakirə olunub

İyulun 8-də Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Dövlətin rəqəmsal inkişaf siyasəti və QHT-lərin bu prosesə dəstəyi” mövzusunda ictimai müzakirə keçirilib.

 

Tədbirdə ölkədə həyata keçirilən rəqəmsal transformasiya siyasəti, bu sahədə müəyyən edilmiş strateji prioritetlər, eləcə də vətəndaş cəmiyyəti institutlarının prosesə verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli çıxışında qeyd edib ki, rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl islahatlar həyata keçirilir, strateji sənədlər qəbul olunur, institusional mexanizmlər yaradılır və müasir rəqəmsal ekosistemin inkişafı üçün zəruri addımlar atılır.

 

Zaur İbrahimli xatırladıb ki, iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf Fəaliyyət Planının icrası müzakirə olunub və aidiyyəti qurumlar qarşısında mühüm vəzifələr müəyyənləşdirilib. O vurğulayıb ki, iclas zamanı rəqəmsal inkişaf üzrə vahid yanaşmanın təmin edilməsi və qərarların milli maraqlara əsaslanması xüsusi ön plana çəkilib.

 

Onun sözlərinə görə, rəqəmsal transformasiya istiqamətində qarşıya qoyulan məqsədlərə nail olunmasında qeyri-hökumət təşkilatlarının fəal iştirakı və ictimai dəstəyi mühüm rol oynayır.

 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Strateji planlama və portfellərin idarə edilməsi departamentinin rəhbəri Aygün Əliyeva çıxışında ölkənin rəqəmsal inkişaf gündəliyi və qarşıdakı dövr üçün əsas prioritetlər barədə məlumat verib.

 

O qeyd edib ki, həyata keçirilən tədbirlərin məqsədi yalnız innovativ texnologiyaların tətbiqini genişləndirmək deyil, həm də iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq, innovasiya və startap ekosisteminin inkişafını sürətləndirməkdir. Bildirilib ki, dövlət xidmətlərinin daha təhlükəsiz, inteqrasiya olunmuş və istifadəçi yönümlü model əsasında inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.

 

Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxışında elektron hökumət infrastrukturunun təkmilləşdirilməsi, dövlət xidmətlərinin vahid rəqəmsal platformalarda cəmləşdirilməsi, süni intellekt həllərinin tətbiqi və kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

 

O vurğulayıb ki, QHT-lər rəqəmsal xidmətlərin təşviqi, elektron hökumət alətlərindən istifadənin artırılması, kibergigiyena, şəxsi məlumatların qorunması və rəqəmsal hüquqlar sahəsində maarifləndirmə fəaliyyətinin genişləndirilməsində mühüm rol oynaya bilərlər.

 

Müzakirələr zamanı rəqəmsal inkişaf siyasətinə ictimai dəstəyin gücləndirilməsi, qeyri-hökumət təşkilatlarının rəqəmsal transformasiya prosesində iştirakının genişləndirilməsi və dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı iştirakçıların təklifləri dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaş
  • instagram
  • whatsapp
  • telegram