İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan innovasiya ekosisteminə dair qanunvericilik təşəbbüslərinə həsr olunmuş ictimai dinləmə keçirilib.
Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, nazir müşaviri Rəşad Bayramov, nazirliyin rəqəmsal inkişaf və innovasiya şöbəsinin müdiri Rəşad Xalıqov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin (İRİA) sədri Fərid Osmanov çıxış ediblər. İctimai dinləmədə bank sektorunun, ödəniş təşkilatlarının, fintek və İKT şirkətlərinin nümayəndələri, innovasiya ekosisteminin iştirakçıları, investorlar və ekspertlər iştirak ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov çıxışında bildirib ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" ölkənin rəqəmsal transformasiyası üzrə əsas yol xəritəsidir. Qeyd olunub ki, Fəaliyyət Planı 4 strateji istiqamət, 4 dəstəkləyici faktor və ümumilikdə 58 təşəbbüsü əhatə edir.
Nazir müavini vurğulayıb ki, Fəaliyyət Planının strateji istiqamətlərini rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik təşkil edir. Bu istiqamətlər üzrə əsas məqsəd vətəndaş, biznes və dövlət üçün rəqəmsal xidmətlərin vahid ekosistemə inteqrasiyası, süni intellektin strateji inkişaf aləti kimi tətbiqi, innovasiya ekosisteminin və onu dəstəkləyən normativ-hüquqi bazanın formalaşdırılması, eləcə də milli rəqəmsal dayanıqlılığın gücləndirilməsidir. Rəşad Həsənov qeyd edib ki, innovasiya istiqaməti çərçivəsində innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi hədəflənir.
Rəşad Həsənov çıxışında iştirakçıları formalaşmaqda olan yeni imkanlardan fəal şəkildə yararlanmağa çağırıb. Qeyd olunub ki, qanunvericilik təşəbbüsləri və nəzərdə tutulan güzəştlər innovativ bizneslərin inkişafı, rəqabətqabiliyyətli texnologiya şirkətlərinin formalaşması, yeni investisiyaların cəlb edilməsi və İKT ixracının artırılması üçün əlverişli şərait yaradacaq. Özəl sektorun bu imkanlardan səmərəli istifadə etməsi ölkənin innovasiya ekosisteminin inkişafına və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi hədəfinə mühüm töhfə verəcək.
Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Fəaliyyət Planı çərçivəsində görülən işlər və hazırlanmış qanunvericilik təşəbbüsləri barədə təqdimatla çıxış edib.
Bildirilib ki, bu hədəflərə nail olmaq üçün hazırlanmış qanunvericilik paketi Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran ən genişmiqyaslı islahat təşəbbüslərindən biridir. Paket 33 qanuna, 9 Prezident Fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutur. İslahatların əsas məqsədi Azərbaycanı texnologiya şirkətləri, innovativ bizneslər və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən birinə çevirməkdir.
Təqdimatda müasir vençur kapitalı ekosisteminin formalaşdırılması məqsədilə beynəlxalq praktikada geniş istifadə olunan, startapların gələcək paylarının (səhmlərinin) əldə edilməsi üçün investisiya alətlərinin (SAFE və Convertible Note) hüquqi əsaslarının yaradılması, şirkət əməkdaşının həmin şirkətdən pay almaq (ESOP) mexanizminin tətbiqi, vençur investisiyalarına vergi stimullarının verilməsi, kraudfandinq fəaliyyətinin hüquqi tənzimlənməsi, Mərkəzi Bankın nəzarət mexanizmləri, investorların hüquqlarının qorunması və maliyyə monitorinqi tələbləri barədə məlumat verilib.
Həmçinin tədqiqat və inkişaf (R&D) fəaliyyətinin təşviqi, intellektual mülkiyyət obyektlərinin kommersiyalaşdırılması üçün vergi təşviqləri, innovasiya fəaliyyətində eksperimentlərin hüquqi və vergi baxımından dəstəklənməsi, "Rəqəmsal səyyah" vizasının tətbiqi, texnologiya şirkətləri üçün valyuta əməliyyatlarının liberallaşdırılması, beynəlxalq ödənişlərin sadələşdirilməsi və dövlət satınalmalarında startaplar üçün xüsusi imkanların yaradılması ilə bağlı təklif olunan dəyişikliklər iştirakçıların diqqətinə çatdırılıb.
İctimai dinləmə çərçivəsində kraudfandinq, vençur kapitalı fondları və güzəşt layihələri çərçivəsində maliyyə-bank aspektləri üzrə təklif olunan qanunvericilik dəyişiklikləri ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçıların sualları cavablandırılıb, səsləndirilən təklif və rəylər dinlənilib.