İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İctimai Şura üzvləri arasında görüş baş tutub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) rəhbər heyəti arasında görüş keçirilib. Görüşün məqsədi Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər barədə məlumat vermək, vətəndaş cəmiyyətinin rəylərini dinləmək olub.
Görüşdə İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, sədr müavinləri, müşavirlər və departament rəhbərləri, eləcə də İctimai Şuranın üzvləri iştirak ediblər. Tədbir zamanı Agentliyin innovasiya, rəqəmsal hökumət, rəqəmsal səriştələrin inkişafı sahəsində həyata keçirdiyi əsas fəaliyyətlər barədə ətraflı təqdimat nümayiş etdirilib. Nüvə tədqiqatları sahəsində həyata keçirilən təşəbbüslər və bu istiqamətdə aparılan elmi və texnoloji layihələr haqqında da məlumat verilib.
Şura üzvləri çıxışlar zamanı öz təklif və suallarını səsləndiriblər. Görüşdə çıxış edən İctimai Şuranın sədri Siruz Abasbəyli süni intellektin dövlət idarəçiliyində sistemli tətbiqi, regionlarda rəqəmsal bərabərlik, vətəndaşyönümlü həllərin təşviqi, müasir və məsuliyyətli kadrlara ehtiyac və beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi mühüm məsələlərə toxunub.
Görüşün sonunda açıq dialoq mühitinin və səsləndirilən fikirlərin ölkənin rəqəmsal inkişaf strategiyasına müsbət töhfə verə biləcəyi vurğulanıb, vətəndaş cəmiyyəti ilə davamlı və effektiv əməkdaşlığın əhəmiyyəti xüsusi qeyd edilib.