İRİA təhsil layihələrinin məzunlarını şəbəkələşmə günündə bir araya gətirdi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən təhsil layihələrinin tələbə və məzunlarının iştirakı ilə “IDDA Alumni: Şəbəkələşmə tədbiri 2026” keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd İRİA-nın həyata keçirdiyi təhsil layihələrinin tələbə və məzunları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi, iştirakçılar arasında şəbəkələşmə imkanlarının genişləndirilməsi, eləcə də bilik və təcrübələrin paylaşılması üçün əlverişli platformanın yaradılması olub.
Şəbəkələşmə görüşündə İRİA-nın müxtəlif təhsil layihələrinin 100-dən çox tələbə və məzunları iştirak edib. Tədbir çərçivəsində iştirakçıların peşəkar fəaliyyətlərində tətbiq edə biləcəkləri bilik və bacarıqların inkişafına yönəlmiş müxtəlif mövzularda təlim sessiyaları keçirilib.
Tədbirin qeyri-rəsmi hissəsində iştirakçıların ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi, komanda işi üzrə bacarıqlarının gücləndirilməsi məqsədilə müxtəlif interaktiv oyun və yarışlar təşkil olunub.
Sonda iştirakçılar tədbirlə bağlı təəssüratlarını, məzunlar üçün yardılan imkanlar, əldə olunan yeni təcrübələr və gələcəkdə “IDDA Alumni” icması çərçivəsində keçirilə biləcək fəaliyyətlərlə bağlı fikirlərini səsləndiriblər.
Qeyd edək ki, İRİA tərəfindən ölkədə rəqəmsal savadlılığın artırılması və müasir əmək bazarının tələblərinə uyğun peşəkar insan kapitalının formalaşdırılması məqsədilə İKT, kibertəhlükəsizlik və süni intellekt istiqamətləri üzrə indiyədək 22 layihə həyata keçirilib. Ölkənin 39 regionunu əhatə edən bu layihələr üzrə ümumilikdə 11924 nəfər məzun olub. Təşəbbüslər iştirakçıların praktiki bilik və bacarıqlarının inkişafına, rəqəmsal sahələr üzrə peşəkar hazırlığının gücləndirilməsinə və əmək bazarının ixtisaslı mütəxəssislərlə təmin olunmasına töhfə vermək məqsədi daşıyır.