İRİA və “Deloitte Portugal” arasında əməkdaşlıq müzakirə edildi

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov dünyanın aparıcı konsaltinq və audit şirkətlərindən biri olan “Deloitte” şirkətinin Portuqaliya ofisinin baş icraçı direktoru Antonio Lagartixo ilə görüş keçirib.
Görüşdə süni intellekt, proqram təminatı, bulud texnologiyaları, kibertəhlükəsizlik və texnoloji mühəndislik sahələrində potensial əməkdaşlıq imkanları, eləcə də bu istiqamətlər üzrə insan kapitalının inkişafı məsələləri müzakirə olunub.
Həmçinin, qeyd olunan sahələrdə universitet proqramlarının yaradılması, mütəxəssislərin bilik və bacarıqlarının artırılması, peşəkar kadrların davamlı inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, Azərbaycanda qüvvəyə minmiş yeni qanunvericilik çərçivəsində texnologiya şirkətləri, rəqəmsal köçərilər və frilanserlər üçün nəzərdə tutulan əlverişli biznes və vergi güzəştləri barədə qarşı tərəfə məlumat verilib. Bu imkanlardan istifadə etməklə beynəlxalq texnologiya şirkətlərinin, yüksəkixtisaslı mütəxəssislərin və rəqəmsal köçərilərin Azərbaycana cəlb edilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.