Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başlayıb

23–29 noyabr 2026-cı il tarixlərində Azərbaycanda beynəlxalq “Bebras” İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsi keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən şagirdlərin qeydiyyatına start verilib.
“Bebras” müsabiqəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Bebras”ın Azərbaycan üzrə rəsmi təmsilçisi “ÖzünÖyrən” MMC-nin təşkilatçılığı ilə keçirilir. Əsas məqsəd məktəblilərdə informatika və kompüter elmlərinə maraq yaratmaq, onların məntiqi və alqoritmik düşüncə, analitik təhlil və problem həll etmə bacarıqlarını inkişaf etdirməkdir.
Onlayn formatda təşkil olunacaq müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin I–X sinif şagirdləri iştirak edə bilərlər. Yarışma zamanı şagirdlər 40 dəqiqə ərzində öz sinif səviyyələrinə uyğun tapşırıqları yerinə yetirəcəklər. İştirak üçün proqramlaşdırma biliyi tələb olunmur. Tapşırıqlar şagirdlərin analitik düşünmə, məntiqi əlaqə qurma və problem həll etmə bacarıqlarını sınayacaq.
23–29 noyabr tarixlərində keçiriləcək müsabiqə həftəsi seçim mərhələsi olacaq. Bu mərhələdə yüksək nəticə göstərən şagirdlər yarımfinal və final mərhələlərində iştirak etmək hüququ qazanacaqlar.
Son qeydiyyat tarixi: 19 noyabr 2026-cı il
Qeyd edək ki, bu il şagirdlərin qeydiyyatı qaydasında dəyişiklik edilib. Belə ki, yarışmada iştirak edəcək bütün şagirdlər əvvəlcədən məktəb koordinatoru tərəfindən bebras.az saytında qeydiyyata alınmalıdır. Məktəblərə və koordinatorlara qeydiyyatı son günlərə saxlamamaq tövsiyə olunur. Qeydiyyat qaydaları ilə bebras.az/rules səhifəsində tanış olmaq mümkündür.
Müsabiqəyə ilk dəfə qoşulmaq istəyən məktəblər və yeni koordinatorlar da bebras.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, 2004-cü ildə yaradılan beynəlxalq “Bebras” müsabiqəsi məktəblilər arasında informatika və kompüter elmlərinə marağın artırılmasını, hesablama və alqoritmik düşüncə bacarıqlarının inkişafını hədəfləyir. Hazırda 70-dən çox ölkənin qoşulduğu müsabiqə Azərbaycanda 2014-cü ildən keçirilir. İndiyədək ölkəmizdən 44 461 şagird müsabiqədə iştirak edib.