Portuqaliyadakı texnologiya icmamızı bir araya gətirdik

İRİA müxtəlif ölkələrdə yaşayan azərbaycanlılardan ibarət texnologiya icmasını bir çətir altılnda birləşdirməyə davam edir. Belə ki, növbəti “Innovation Wednesdays” görüşü 11 noyabr tarixində Lissabonda “Web Summit 2026” çərçivəsində baş tutdu.
Görüşdə Azərbaycanla yanaşı müxtəlif ölkələrin innovasiya ekosisteminin fəal üzvləri – startap təsisçiləri, investorlar, korporativ innovatorlar, həmçinin Azərbaycanın İKT şirkətləri və digər ekosistem nümayəndələri bir araya gəldi və yeni əlaqələrin qurulması və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardılar.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında bildirdi ki, Agentliyin əsas missiyalarından biri xaricdə yaşayan, texnologiya və startap quruculuğu sahəsində böyük uğurlar əldə etmiş soydaşlarımızla Azərbaycanın innovasiya ekosistemi arasında güclü əlaqələrin yaradılmasıdır.
O, həmçinin Azərbaycanın yeni texnopark qanunvericiliyi çərçivəsində texnologiya şirkətləri, startaplar və rəqəmsal köçərilər üçün yaradılan imkanlar, eləcə də vençur və kraudfandinq maliyyələşməsi istiqamətində formalaşan əlverişli şərtlər barədə görüş iştirakçılarını məlumatlandırdı.
Qeyd edək ki, mütəmadi keçirilən “Innovation Wednesdays” görüşlərinin əsas məqsədi Azərbaycan innovasiya ekosistemində şəbəkələşməni gücləndirmək, yerli və xaricdə fəaliyyət göstərən texnologiya mütəxəssisləri arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsini təşviq etmək və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaratmaqdır.