“Web Summit 2026”da Azərbaycanın startap və texnoloji potensialı nümayiş etdiriləcək

9 – 12 noyabr, 2026-cı il tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində dünyanın aparıcı texnologiya tədbirlərindən biri olan “Web Summit 2026” baş tutacaq. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə bu qlobal sammitdə Azərbaycanın qabaqcıl startap və texnoloji şirkətləri təmsil olunacaq. Milli pavilyonda ölkəmizin innovasiya ekosistemi, yerli texnologiya şirkətlərinin məhsul və həlləri nümayiş etdiriləcək, eləcə də qlobal ekosistemin oyunçuları ilə potensial əməkdaşlıq imkanları üzrə görüşlər keçiriləcək.
Belə ki, Azərbaycan pavilyonunda “Simbrella”, “AzInTelecom”, “Azsoftware / Imzala.az”, “Polygraf AI”, “Azercosmos” və “R.I.S.K. Company” kimi startap və şirkətlər maliyyə texnologiyaları, rəqəmsal identifikasiya, bulud xidmətləri, elektron imza, süni intellekt təhlükəsizliyi, peyk texnologiyaları və kosmik xidmətlər, kibertəhlükəsizlik, rəqəmsal sənəd dövriyyəsi və rəqəmsal kreditləşmə sahələrində innovativ məhsul və həllərini qlobal auditoriyaya təqdim edəcəklər.
Bununla yanaşı, 11 noyabr tarixində “Web Summit 2026” çərçivəsində İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanovun iştirakı ilə “Exporting the Caspian Playbook” mövzusunda panel müzakirəsi baş tutacaq. Müzakirədə Xəzər regionu və Mərkəzi Avrasiyada texnologiya ekosistemlərinin inkişafı, rəqəmsal iqtisadiyyatın genişlənməsi, eləcə də regional və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, “Web Summit” dünyanın ən böyük və nüfuzlu beynəlxalq texnologiya və innovasiya tədbirlərindən biridir. Hər il on minlərlə iştirakçını bir araya gətirən tədbirdə dünyanın müxtəlif ölkələrindən aparıcı texnologiya şirkətləri, startaplar, investorlar, dövlət qurumlarının nümayəndələri və sahə üzrə ekspertlər iştirak edirlər. Konfrans çərçivəsində süni intellekt, rəqəmsal transformasiya, maliyyə texnologiyaları, kibertəhlükəsizlik və digər aktual istiqamətlər üzrə panel müzakirələri, təqdimatlar, sərgilər və işgüzar görüşlər təşkil olunur. “Web Summit” innovativ həllərin beynəlxalq auditoriyaya təqdim edilməsi, investisiyaların cəlb olunması, yeni biznes əlaqələrinin qurulması və qlobal texnologiya ekosistemində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma hesab edilir.