“Rəqəmsal akademiya” çərçivəsində Sinqapurun rəqəmsal inkişaf təcrübəsi araşdırılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə keçirilən “Rəhbərlər üçün rəqəmsal akademiya” proqramının növbəti strateji sessiyası Sinqapurda baş tutub. İki gün davam edən sessiyada Azərbaycanın 10 dövlət qurumundan rəhbər şəxslər iştirak edib. Proqram çərçivəsində Sinqapurun müxtəlif dövlət qurumları və araşdırma mərkəzlərinin aparıcı ekspertləri ilə rəqəmsallaşmanın dövlət idarəçiliyinə təsiri, vətəndaşyönümlü rəqəmsal məhsullar, süni intellekt və kibertəhlükəsizlik kimi məsələlər təhlil edilib, həmçinin iki ölkənin strateji yanaşması ilə bağlı fikir mübadiləsi aparılıb.
Sessiyanın ilk günündə İRİA-nın sədr müavini Şahin Əliyev açılış nitqi ilə çıxış edərək “Rəqəmsal akademiya”nın Sinqapurda keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb: “Sinqapur BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 3-cü yerdə olan ölkədir və Azərbaycan da son hesabatda ən yüksək göstəriciləri olan inkişaf etmiş ölkələrlə bir qrupda yer alıb. Beləliklə, ölkələrimiz dövlət sektorunun rəqəmsallaşmasında zəngin təcrübəyə malikdir və “Rəqəmsal akademiya” bu təcrübənin təhlil edilməsi baxımından mühüm rol oynayır “.
Daha sonra Sinqapur Milli Universitetinin Li Kuan Yu Dövlət Siyasəti Məktəbinin professoru Yakob İbrahim Sinqapurun rəqəmsal transformasiya tarixi, rəqəmsallaşmanın dövlət idarəçiliyinə, iqtisadiyyat və cəmiyyətə təsiri mövzusunda təqdimat edib. Sinqapurun Sinqapurun Dövlət Texnologiyaları Agentliyinin (GovTech) nümayəndəsi Dominik Çan Sinqapurun rəqəmsal transformasiyasında aparıcı rol oynayan faktorlar, “Smart Nation” təşəbbüsü, vətəndaşyönümlü “LifeSG”, “GoBusiness” “Sinpass” kimi rəqəmsal məhsulların inkişaf etdirilməsindən danışıb.
Növbəti çıxış zamanı JTC Corporation şirkətinin baş icraçı direktoru Jaklin Po rəqəmsallaşma kontekstində dəyişikliyin idarə edilməsi və dövlət qurumlarının dəyişikliyə adaptasiyası ilə bağlı Sinqapur təcrübəsindən nümunələr təqdim edib. Sinqapur Milli Universitetinin Sistem Elmi İnstitutunun ekspertlərinin iştirak ilə keçən müzakirə zamanı rəqəmsal transformasiya prosesində standartlaşma, təlimlərin əhəmiyyəti kimi mövzular üzrə fikir mübadiləsi aparılıb.
Sessiyanın ikinci günündə şəhərsalmada rəqəmsal transformasiya, süni intellektin dövlət xidmətlərində tətbiqi, həmçinin rəqəmsal infrastrukturun qorunmasında kibertəhlükəsizliyin əhəmiyyəti ilə bağlı mövzular müzakirə edilib. Belə ki, Sinqapur Şəhərsalmanın İnkişafı Agentliyində təşkil olunan görüşdə nəqliyyatın intellektual idarə edilməsi və data əsaslı qərarvermə strategiyaları təhlil edilib. “AI Singapore” ilə keçirilən sessiyada Sinqapurun süni intellekt strategiyası, bu texnologiyanın dövlət idarəçiliyində tətbiqi üzrə real nümunələr araşdırılıb. Sinqapurun Kibertəhlükəsizlik Agentliyinin İnkişaf üzrə Baş direktor müavini Çua Kuan Seah ilə keçirilən müzakirə, artan rəqəmsallaşma fonunda kibertəhlükəsizlik səylərinin milli səviyyədə əlaqələndirilməsinin vacibliyinə həsr olunmuşdu. Müzakirə zamanı kibertəhlükə mənzərəsinin dəyişməsi, kritik informasiya infrastrukturunun qorunması və kibertəhlükəsizlik üzrə insan kapitalının inkişaf etdirilməsi kimi mühüm mövzular üzrə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Rəqəmsal akademiya”nın strateji sessiyasında nazir müavinləri, dövlət qurumları rəhbərlərinin müavinləri və müşavirlər də daxil olmaqla indiyədək 43 dövlət qurumundan 57 nəfər rəhbər kadr iştirak edib. Bu təşəbbüsün davamı olaraq, proqram çərçivəsində bir sıra səfərlər həyata keçirilib. Cari ilin 27-28 yanvar tarixlərində rəhbər şəxslərin iştirakı ilə Almaniya Federativ Respublikasına (Berlin şəhəri) səfər edilib və 23-24 aprel tarixlərində Səudiyyə Ərəbistanı Krallığına səfər nəzərdə tutulub.